Bakı Weather --°C
|

“...Mən, içindəki qızcığazdan qurtulmağa çalışan bir qadınam indi…”

05.02.2026 11:03 | 8

Şeir, (sırf) poeziya üçün səciyyəvidir; belə deyək, (sırf) poetik ədəbiyyat kimi mənalanır; şeir insan dərkində müxtəlif mövqe və maraqları (poetik) əks etdirir deyə, (həm də) emosional tərz qurur, duyğusal təsiri ilə (qabarıq) diqqət çəkir və s.
Bəlli ki, ilk şeirimiz (folklor incisi kimi) aydın, anlaşılan, həm də dürüst xalq yazı dilində olub. Buna görə çox oxunub, vücudlarda bir tərpəniş – bir hənirti yaradıb. Bu hal (da) çox əsrlər normal zəmin kimi əks edib...
İstedadlı şair, sözün əsl mənasında şair Aybəniz Əliyar da şeiri elə poetik ədəbiyyat kimi əxz edənlərdəndir; bu mənada şeirə - sözə hədsiz ehtiyatla yanaşır, sözü (bir səmtdə də) İlahi Eşq sanır, daha doğrusu, sözün səltənət qapısını çox ehtiyatla tıqqıldadır... Buna görə onun bütün şeirləri son dərəcə həyalı, mədəni və nizamlı – ölçülü-biçilidir...
Yaxşı haldır ki, Aybəniz xanımın şeirləri hansı şövqlə tərpəniş edirsə, o şövqlə də ağıla təsir edir, o surətdə (də) qalır. Onun elə şeirləri (yaxud çox sayda elə misrası var ki,) oxucunu tərpənməz hala salır... Hətta bu ovqatda onun ən nikbin şeiri belə oxucu ovqatında eyni çırpıntı qurur, ancaq oxucunu məyusluq girdabından çıxarır...
Dediklərimizin şərhinə vara bilmək üçün Aybəniz Əliyar şeirindən bir neçə nümunəyə diqqət edək:

Bir ümid var, o da durna belində,
Durnalar da ruzgarların əlində.
Bu dünyanın kimsəsizlər çölündə,
Əllərimi uzatmışam Tanrıya.

***
Bu yol bir ömür yoludur,
Səfərin ola, olmaya.
Meydanı döyüş doludur,
Zəfərin ola, olmaya.

***
Dedin, deməmiş olaydın,
Gər, dediyin bumuydusa...
Göz üstə yeri var, dərdi-
Sər dediyin bumuydusa...

***
…Hələ bir, hələ bir Allah bəndəsi
Bilmir nə var-nə yox içərisində.
Ürək qutu boyda gəmidi yoxsa?
Sınıq göyərtəsi köksümü dələr.
(Bir əl içi boyda ümidi yoxsa,
Nəyimə lazımmış bu həngamələr?)

***
…Belə yox olmaq mücərrəd,
Belə var olmaq çətindi.
Düşmənə ar olmaq asan,
Dosta yar olmaq çətindi.

Nümunə kimi verdiyimiz bu şeir parçalarında (göründüyü kimi) ömür cizgiləri eyni xətt üzrə sıralanıb, ancaq müəllif həyati diqtələri misilsiz şükranlıqla əxz edib deyə, hər cizgi bir fəlsəfi kəsb kimi səciyyə tapır. Məsələn, onun “Bu dünyanın kimsəsizlər çölündə, Əllərimi uzatmışam Tanrıya” eyham-diqtəsində bütöv bir ömür anı və həm də təlatümdə əks edən bir insan harayı-həyəcanı var. Əslində, kimsəsizlər çölündə insan tapa bilmək fırtınalı dənizdə zinət axtarmaq kimi bir şeydir; müəllifin “kimsəsizlər çölü” dediyi anlam Allahdan uzaq, Allaha asi, günakar adamların cəm olduqları dünyadır, əlbəttə, təmiz qəlb və ruhla onların içində həyan tapmaq qeyri-mümkündür. Bu səbəbdən, müəllif ən doğru yolu Allaha əl uzatmaqda görür.
Eynilə də şairin “…Hələ bir, hələ bir Allah bəndəsi Bilmir nə var-nə yox içərisində. Ürək qutu boyda gəmidi yoxsa?” poetik diqtəsində yuxarıdakı məna öz aydın kəsbi ilə “zühur edir”. Burada, belə deyək, bu misraların cəm olduğu şeirdə əsas hədəf ürəkdir. Təbii ki, insanın ömür yolunu bütün hallarda ürək sabit qılır. İnsan ürəyinin içindəkinin Allaha, yaxud şeytana aid olduğunu bilməyəndə dərin israrla üzləşir; o, bilmir ki, həyatı hansı səmtə və necə istiqamətləndirmək olar. Müəllifin “…Hələ bir, hələ bir Allah bəndəsi Bilmir nə var-nə yox içərisində” eyhamının ədəbi məntiqi də məhz budur. İnsan, ürəyinin içini özü doldurmalıdır; ağlı varsa, Allah sevgisi ilə, yoxdursa, günah, zina və s-lə. Bu amlamda ürəyin nə olduğu min (bəlkə də milyon) illərdir dürüstcə açılmır... Bu ədəbi düsturu isə yalnız ağıllı, Allah sevgisində təcəlla edənlər isbat edə bilirlər...
Aybəniz xanımın eyni nüansa səmt açan fikir oblastları əslində, eyni hədəflər üzərində müxtəlif ədəbi proseslər və ictimai zəminlər qurur, fərqli əhatələr tapır. Nə xoş ki, bu fikirlərdə məna məzmunu, fikir də ovqatı qarşılıqlı şəkildə izləyir və təmin edir, oxucu üçün qaranlıq bir şey qalmır.
Bu tərz şeir şəkillərində biz Aybəniz xanımın real bədii təsəvvürlərini, həyata, insana dürüst-poetik yanaşmasını, ötkəm ədəbi ruhunu, pərişan-ovqatverici təsirlərini aşkar sezirik. Belə deyək, onun bu və bu kimi şeirlərində fikir bir neçə ahəngdədir; çoxqatlı proseslər qurur. Hətta onun məyusluq doğuran fikirlərində də biz bu çək-çevirin real tərəfini görə bilirik.
Aybəniz xanımın şeirlərində (ümumi halda) taledən gileylənmə, həyata acıma halları da çoxdur, lakin dərhal da bunun hansı zəmindən irəli gəldiyinə diqqət yetirir, sonra da cəmiyyəti saran mövcud sarsıntılara hakim kəsilirik. Əmin oluruq ki, o, poetik dərki (çoxlarından) bir qat artıq olan şair kimi həyatın bütün səmtlərini sözün işığına çəkir, bu aydın hücrədə sanki oxucunu özü ilə (ciddi) bir dialoq qurmağa məcbur edir.
Biz bilirik ki, oxucunu (yaxşı mənada) mütəəssir edən şeir (təbii ki,) müəllifi üçün real gerçəklər əxz edir. Bu mənada Aybəniz xanımın yaradıcılığında ədəbi ixtilaflar ictimai səciyyəlidir, vacib nüanslar kimi ehtiva edir.
Məsələn:

Bir kitab şeir yazalar sənə,
oxuyanda xoşbəxt olasan.
Ürəyin sızlayanda,
yaralarına sürtəsən, sağala...

***
Gecə oldu,
zülməti geyindirdilər əynimə,
Gündüz oldu Günəşi,
Gözlərim yarı şəffaf, yarı qaranlıq,
Hisslərim tamam çılpaq...
Adımı qadın qoydular,
demə gəlin olmaq buymuş...

***
Unudulmuş qadındır dəniz,
orda batanların cəzası olmaz...
Saçlarını qürublarda darar,
Ətirlənməz sabahların sevgisində...

***
Qağayı öpüşüydü dənizlər,
günəşin gəlinliyiydi qürublar,
kəpənək tozuydu güllər,
təsəlliydi ağrılar,
göz yaşları da kirpiklərin şəlaləsiydi,
dodaqların o söz üçün rənglənmişdi o gün…

***
Mən yelləncəyi bahar rüzgarı olan
qızcığaz deyiləm daha...
Dilində şipşirin eşq nəğməsi...
Çöhrəsində əlçatmaz bir təbəssüm...
Dodaqlarında ballanmış öpüşlər..
Mən hər son baharda içindəki qızcığazdan
qurtulmağa çalışan bir qadınam indi…

***
Nə zamandı payız görmürdü bu küçələr,
yarpaqlar saralmırdı burda,
xəzəllər gözə dəymirdi,
çiskin düşmürdü, yağış yağmırdı...
Nə zamandı, bir qadının ahı kimi
dəyərsiz idi aynalar...
…Nə zamandı unutmuşdum özümü,
sağ ol ki, xatırlatdın...

Bu ədəbi nümunələr göstərir ki, Aybəniz Əliyar həyat acılarından üşüdüyü anlarda bir-iki söz yandırıb könül-qəlb arzularını isidən, qaranlıqda çırpınan işığın, eləcə də gecəyə qəsd edən gündüzün sığalında ayıq halda mürgü vuran, sonra da bu paradoksal vəziyyəti həyəcanla izləyən oxucunun sağlığına söz şərbəti içən çox az sayda şairlərdəndir. Öz ədəbi fikrinə əminlik onu ruh-idrak təqdisi ilə çırpınmağa məruz qoyur - yəni (o,) hadisələri üst qatdan seyr etməyi bacarır, ən qabarıq bədii-poetik aspektləri idrakda zühur edən şüurüstü keçidlər kimi qavrayır...

Mən yelləncəyi bahar rüzgarı olan
qızcığaz deyiləm daha...
...Mən hər son baharda içindəki qızcığazdan
qurtulmağa çalışan bir qadınam indi…

Diqqət yetirək, həyatı doğru-dürüst əxz etməyin bundan başqa hansı yönü və ya səmti ola bilər? Görün Aybəniz xanım mistik rəzillikdən qaynaq götürən, sonra da bütün dövrlərdə həyatı da, insanı da saran manqurt təfəkkürlərdən necə yaxa qurtarır... O, sanki bütün qadınları hüquqlarını yaxşı bilən azad – sərbəst qadın kimi görmək istəyir. Ərz etməyə çalışır ki, kölə mühitdə insan ancaq kölə ola bilər. “...Mən hər son baharda içindəki qızcığazdan qurtulmağa çalışan bir qadınam indi…”... Səmimi deyək, bu məğzi-mənanı aça bilmək üçün çox cəhdlər edə bilərik, ancaq əminik ki, düyəcəklərimiz Aybəniz xanımın bu fikrinin qarşısında müti və cılız görünəcək...
Gecənin, zülmətin çökməsini görün Aybəniz xanım necə təsvir edir:

Gecə oldu,
zülməti geyindirdilər əynimə...

Yaxud:

...Adımı qadın qoydular,
demə gəlin olmaq buymuş...

Doğru fikir bütün yanlışlıqlardan əfzəldir; müəllifin qənaətləri bizi məlum həqiqətlərə inandırır, hətta bizə ən qarışıq fikri belə açmaq şansı verir. Belə anda bizə çatır ki, “...Adımı qadın qoydular, demə gəlin olmaq buymuş...” fikrinin altında hansı eyhamlar gizlənir.
Ümumiyyətlə, Aybəniz Əliyar şeirində maraqlı, xoşagələn, fəlsəfi nümunələr çoxdur, bu şeirlərdə həyat insan fəhminə, fəhm də insan düşüncəsinə sirayət edir...
Bu və bu kimi şeirlərini oxuyandan sonra belə bir mühakimə yürütməyə məcbur qalırıq ki, Aybəniz xanımın içindəki qaynar ruh poeziya zirvəsində parıltı verən geniş hüdud, əhatəli səmtdir. Bu səmtdə biz (həm də) hansısa bir obrazın, ya da bir tale daşıyıcısının - əlahiddə bir insanın fikir coğrafiyasına şahidlik edirik.
Bəlli ki, təməli bitkin ruhsal hiss mərdanə duyğulara fəlsəfi rəng qatır, sonra da bir mərtəbə yuxarıda təcəlla edən xoşovqat missiya kimi diqqət çəkir. Səmimi etiraf edək ki, Aybəniz xanımın əksər şeirində ədəbi səciyyə bax, bu ruhsal hənirdə, bu duyğusal məna çalarında ovqat tapır. Şair obrazlarının isti baxışlarını dəqiq görür, onları gözüaçıq, fəal və çevik tərzdə bizə təqdim edir. Bəlli olur ki, yüksək istək və arzularda yekun, cəm kimi görünən bütün sadəliklər onların vətəndaşlıq məsəlkində bərqərardır...
Yaxud Aybəniz xanımın şəx¬siyyət müstəvisində etiqad başlıca şərt olduğundan, onun seçdiyi obrazlar da insanlıq eşqi ilə pərvəriş tapırlar. Cəmiyyətin ən çox fayda götürə biləcəyi fəhm də elə budur...

Hikmət Məlikzadə

Daha çox xəbər