“Qürbət zöhrəsi”ndə törəçilik əzabı

(Birinci yazı)
Hər bir şüuri fikrin ideal olmaq haqqı var. (Bəlli ki,) ideal fikri də insanın dürüst qənaəti hasil etməlidir. İnsanın (isə) ideal olmaq şansı yoxdur, çünki zatında zərrəvi qüsurlar – bəlağətsiz günahlar hədsizdir. Nəfsdən, mental ənənəçilikdən asılılığı onu ancaq insan kimi təqdir edir...
Bu qənaəti bizə xeyli vaxtdır tanıdığımız, şəxsiyyəti də (bizim üçün) yaradıcılığı qədər önəm kəsb edən Ulduz Qasımın 2018-ci ildə “Zərdabi LTD” MMC-də işıq üzü görmüş “Qürbət zöhrəsi” adlı kitabı da verir. Biz ilk baxışdan bu kitabda xınalı çiçəklər kimi qoxu verən bir həyat eşqi tapırıq. (Sonra da) düşünürük ki, görəsən, müəllif bu böyüklükdə təpəri zərif vücuduna necə sığışdırır?
Həyat mübarizələrinə yaxından şahidlik edən, prosesləri kənardan deyil, daxildən izləyən Ulduz xanım roman boyu Vətən, torpaq, yer-yurd, el-oba şərəfinin nə olduğunu gah aşkar, gah da sətiraltı oxucuya açır. Belə başa düşürük ki, Ulduz Qasım üçün söz, vəslinə yetə bildiyi anın ən əhatəli çevrəsi, başqa bir rakursda isə Vətəndir. Bəlkə də bu üzdən o, söz üçün bu qədər təlaş keçirir, sözün qulluğunda bu qədər müsəlləhdir...
“Qürbət zöhrəsi” romanında milli mənlik, qürur, milli mənsubiyyət, böyük-kiçik öhdəçiliyi və s. aşkar görüntü ilə diqqət çəkir. Buradakı obrazlar yaşadığı həyatı da məcburən “milli” sanır, hadisələrə də məcburən “milli” ruhla nüfuz edir. Buna görə Baş Obraz Zöhrə mental çırpıntıda can verir, sərbəst olmaq sevdasından (“könüllü”) əl çəkir, ən doğrusu, mövcud törələrə boyun əyir. Əslində, bu, qlobal qayğılardır. Dünyada da əksər hallarda insanların (hətta) giley-güzarları, eyhamlı danışıqları istək atmosferindən yuxarıdadır... “Qürbət zöhrəsi” romanının bir rakursda bizə demək istədiyi (həm də) budur. Biz bu romanda insanı təqdir edən epik vəsfin ənənəvi tərzi ilə qabaq-qənşərik. Müəllif öz çılğın hislərini oxucu naminə mum kimi yumşaldıb, sözün-ifadənin sanbalına, çəkisinə diqqət edib. Belə deyək, tərəzinin söz qoyduğu gözünün ağır gəlməsi üçün can əridib. Bu, bir eşq timsalıdır. Əsərin obrazları da eşqi üstün məqam bilir, fəqət yaxşı anlayırlar ki, zorun, hansısa tipik bir təsirin ləngərində duruş gətirə bilmək onlar üçün çətindir. Ulduz xanım yalnız (bu üzdən) dadını hiss etdiyi təamı əsər boyu təqdir edir, törəçilikdə yaşanan ənənəçiliyi lazımsız, artıq bir ünsür kimi ictimaiyyətə göstərir.
“Qürbət zöhrəsi” romanındakı hislər şüuraltı nəsnədir; yəni şamın hansı rakursda əriyə bilmək sevdasını anlamaq kəsbidir, Ulduz xanım ya şamın çəkdiyi zülmü aydın sezdiyi üçün o məsuliyyətin altına girməkdən çəkinir, “pərvanəsini” də (obrazlarını) odla oynamaq təhlükəsindən uzaqlaşdırmaq istəyir, ya da eşqi sadəcə, bir həzz, bir nəşə kimi anlayan “pərilər”ə (cəmiyyətin harın tiplərinə) canın şamdan daha artıq məqam daşıdığını bəyan etmək məqsədi güdür. Burada həyatı - eşqi, taleyi, münasibəti və s. adi təsəvvür kimi qavrayanlara qaynar bir mesaj var...
Vizual rakursdan nüfuz etsək, görərik ki, romanın epik dumanı qatı, leysanı-dolusu bir ölüm anı qədər üzücüdür, fəqət müəllif həyatın görünən səmtlərini görünməyən tərəfləri ilə üz-üzə tutur, azacıq nikbin ovqatı bir yaz yağışı kimi təqdir edir, oxucuya bahar təravəti daddırır, onu məmnun qoyur.
Əsasən xalq-yazı dilində ovqat tapan bu epik nümunəni oxuyandan sonra tam anlaşılır ki, sözə və eşqə daş atmaq Allaha qarşı çıxmaq, sözə-eşqə xəyanət etməkdir. Həm də soy-kök, cəmiyyət qaydalarına müntəzir olmaq minlərlə həyatı, taleyi bilə-bilə tapdalatmaq zənnidir. Bu keçiddə bəlkə biz yanlış zərurətdən “Qürbət zöhrəsi” romanının müəllifini xoşbəxt qələm sahiblərindən hesab edirik. Bəlkə o da nə vaxtsa Allahın əbədiyyət işığında ömür sürmək arzusundan məhrum qalıb?! Necə ki, onun obrazları şəxsi istəklərdən məhrumdurlar... Hərdən də düşünürük ki, Zöhrə (müəyyən mənada) elə Ulduz xanımın öz obrazıdır - özüdür… Bəlkə də belə deyil, sadəcə, Zöhrənin yaşadığı acı, içində çırpındığı təlatüm geniş obyomlu və kəskin təsiredicidir, bu, bir təhkiyə düsturu ola bilməz…
Əlbəttə, hər (bir) yazıçı epik təsəvvüfdə (qismən də olsa) yaradıcı oblast tapa bilir, lakin hər (bir) yazıçı (öz) epik düyğusunu fəlsəfi gerçəklər kimi təcəssüm etdirə bilmir. Buna ya düşüncə kasadlığı səbəbdir, ya da sosial zəmin, hər halda fikir zahiri fövqdə parlaq, batini fövqdə misilsiz təbii olur. Yazıçı (mütləqdə) şöhrət hərisi deyilsə, ədəbiyyat aynasında obrazlarını görür, ədəbi qənaət(lər)ini sosial ünsürdən üstün tutur. Ulduz xanım da ideal formatda xarakterizə etdiyi obrazlarını, xüsusən Zöhrəni sosial asılılıqdan qurtarmaq üçün çox cəhd edir, lakin mühitdəki yanlışlıq buna əngəl olur.
“Qürbət zöhrəsi” adındakı eyham bizi bir qədər süst səmtlərə atır. “Qürbət” və “Zöhrə” sözlərindəki ikrahçı hiss qürbəti Zöhrə, Zöhrəni də qürbət üçün ismarlayır; belə anlayaq ki, qürbət – yad, qeyri-səmimi mühit Zöhrənin düşdüyü boş vakuumdur, o da bu ünsürə meyllidir. Demək ki, qürbət maqnitin mənfi, Zöhrə də aciz surət kimi müsbət tərəfidir. Müsbət mənfini dürüst çəkir – qəbul edir. İki müsbət yük isə bir-birindən imtina edir. Əgər Zöhrə düşdüyü mühitə qarşı çıxsaydı, şübhəsiz, acınacaqlı halda olmazdı. Bu mənada, Ulduz Qasımın epik ovqatı daha çox ictimai səciyyə kəsb eidir. Məsələn, onun “Qürbət zöhrəsi” romanında bu dərkdə israrlar çoxdur. Müəllif əsər boyu parlaq əhatə verdiyi istiqamətləri lazımi anda fəlsəfi qatlara büküb, idrak mərtəbəsindəki fəhmlərə təşnə surətlər yaradıb, zaman içində çırpınan qara kölgələrə diqqət çəkib, gileyə tuş gələn səbəbləri şüurüstü qatda axtarıb. Bu mənada, adıçəkilən romanın surətləri (bəlli prototiplər kimi) insan-dünya varlığını dərk edir, lakin müxtəlif keçidlərdə sevgidə axsayır, səssiz hayqırtıları təlatüm bilir, özlərini çox uzaq səmtlərdə axtarır, idrakın üst qatlarında zahir olan gerçəklərə, vəcd anında yaranan susqunluğa, həniri günəş istisi qədər ilğımlı duyğulara laqeyd yanaşırlar. Biz bu tərzləri yaddaşımızın dərin qatlarında çırpınan titrək işıqlara büksək də, o işıqların daha parıltılı olması üçün ruhumuzu sakit hücrələrə yönəldə bilmirik. Əlbəttə, bu da Ulduz xanımın yazıçı ehtişamıdır. Əslinə qalsa, çox az yazıçı tapılar ki, vəcd anı keçirər, hissi qavramada öndə olar, içində çırpınan duyğuları idrakda təcəlla edən hislər kimi çözər. Oxucu onun yazdıqlarında fərqli istiqamətlər tapar, dalğın baxışları ləngərdən qurtarar, qənaətlərini ağır ehtişam hesab edər. Heç şübhəsiz, Ulduz Qasım belə qələm sahibdir.
“Qürbət zöhrəsi” Ulduz xanımın ilk romanı – ilk irihəcmli bədii əsəridir. Müəllif bu qələm nümunəsində sosial ehtivaları məişət proseduru kimi elə verib ki, istər-istəməz zərrəvi zəminlərin ictimai kəsbi, dünyadakı yeri və rolu barədə düşünür, nəticə çıxarmaq üçün cəhd edirik. Yalnız bundan sonra bizə bəlli olur ki, əsərin Baş Obrazları Vüqar və Zöhrə hansı səbəbdən mühit qarşısında bu qədər mütidirlər. Oxucu hər iki obrazı sadəcə, müəllifin təhkiyəvi münasibəti kimi deyil, həm də dünyada gedən əksmilli – törəçi zəmində əzilən fərdlər kimi “alqışlayır”. Bəzən də Zöhrəyə qənim kəsilən zalım ünsürlərə nifrət edir, əsas etibarilə, azacıq fürsət yaransa intiqam hissini aşkar büruzə verər.
Digər bir nüansa diqqət edək: Zöhrə hər dəfə hamilə olduğunu biləndə şübhəsiz, ani sevinir, sonra fərqinə varanda ki, övladları da bu yad ənənədə - törəçi mühitdə əziləcək, narahat olur, əlbəttə üzülür, içindən Allah bilir, daha nələr keçirir...
Biz Zöhrəni anlayırıq; bu günün özündə o qədər acı tale yaşayan oğlan-qız var ki... 14-16 yaşlarında məcburən – törəçi zəmində ərə verilən qız uşaqlarının taleyi elə Zöhrənin taleyidir, onlar da (Zöhrə kimi) daim başıqapazlı olur, söz haqqı əllərindən alınır və s.
Əsərdə Vüqar da Zöhrə kimi mühit girdabında çabalayır, ancaq oxucu ondan daha çox Zöhrəyə acıyır, ona daha çox rəhm edir. Oxucu burada zənnimizcə, hakim qüvvə ola bilmək prinsipini əsas götürür, Vüqarı qınamaqda da haqq qazanır...
Digər tərəfdən, Zöhrənin ata-anası da onun törəçi ənənədə - o acı girdabda əriməsinə göz yummaq məcburiyyəti yaşayır. Çünki onlar özləri də o mühitin “könüllü aktyorları”dır(lar).
“Qürbət zöhrəsi” romanında müəllif ötkəm ruhdadır, pərişan-ovqatverici təsirləri də aşkar sezir, ancaq cəmiyyətlərdəki məyusluq, digərinin halına acımamaq, “mən” iddiaları və s. üzündən oxucunu üzür, onu öz içindəki qorxularla dialoq qurmağa məcbur edir. Sanki o, hər kəsdən soruşmaq istəyir ki, niyə yad baxışlardan islanan insanın yadına üşümək düşmür? Yaxud, hansı səbəbə iki-üç söz yandırmaqla oxucu qəlbində rahatlığın şəklini çəkmək olmur? Və nə üçün bütün dövrlərdə qaranlıq işığın, gecə də gündüzün qəsdinə düşür? Bax, bu ilıq ədəbi tərzlər müəllifin inandırıcı şüurüstü keçidləridir və o, bu qatlarda idrakda təcəlla edən səmtlərə işıq tutmağı ustalıqla bacarır...
“Qürbət zöhrəsi” romanında şüurun üst qatı çəpərlənmiş haldadır; alt qatlarda ovqatlar paslanıb, insan ayıq olmağı heç cür bacarmır – sosial zəminlər onu lazımsız boşluqlara dəvət edir. Ancaq nə yaxşı ki, Ulduz xanım əsər boyu obrazlarını şüuraltı hislərdə qərar tutmağa sövq edir, eşqanə vəcdi ehtiras kimi deyil, sevgi anı kimi göstərir. Onlara bəlli olur ki, sevgi sadəcə, bir vüsal tərpənişidir, onu nəfsi zəmin kimi mənalandırmaq doğru deyil. Belə deyək, Baş Obrazın yaşadıqları məzmunlu sevgi olmasa da, o, əsl sevginin içində daşlaşdığını görür, onu hamıdan xəlvət orada dəfn edir.
Maraqlıdır, “Qürbət zöhrəsi” romanında ağayanalıqla məğrurluq bir arada qərar tutur. Obrazlar əsər boyu yaxşı anlayırlar ki, insanlıqdan böyük rütbə yoxdur. İnsan bütün hallarda etalondur, öz mənəviyyat dünyasında xeyirxahlıqla dolu bir həyat çaları tapır, fəqət, onun bu qatda ruhi vəcdə biganəliyi ayrı bir məna ehtiva edir. Müəllif dərin epik-ictimai qənaəti ilə yaranış və batini keçidlərdə ruhsal hisslərə aludə qəlblərə parıltı səpə bilmək gücündədir, öz fikrinə əminlik onu ruh-idrak təqdisi ilə çırpınmağa məruz qoyur - yəni hadisələri üst qatdan seyr etməyi bacarır və s.
Əsəri əsas obrazın – Zöhrənin monoloqu kimi də xarakterizə edə bilərik. Çünki hadisələrin şərhçisi odur; sanki o, romanı oxucuya nağıl edir, Ulduz xanım isə (müəllif olaraq) onun dediklərini (sadəcə) qələmə alıb...
Romanda səmimiyyət, ehtiram görünməz tərzdədir, lakin əsəri oxucuya sevdirən elə bu iki nüansdır. Anlayışlı oxucu əsərdə cərəyan edən hadisələri kiminsə boynuna yük etmir, cavabdehləri ictimai tənbehlə qınayır, sabah olacaqlardan isə əməlli-başlı ehtiyat edir.
Əslində, Ulduz xanımın obrazları işıqlı, nurlu insanlardır, bir vaxtlar əllərinə çıraq alıb zülmətdə işıq axtaran insanlardır. Həm də bir insan baxışında daha münasib ovqatlar əxz edən insanlardır. Bu ovqatlardakı ləngərlik zamanla insan arasında bir uzaqlıq yaradıb. Açığı, bəzən bu uzaqlıqda zamanın idrak zirvəsində görünən fədakarlıqlar məhz sadə-mürəkkəb duyğular kimi təcəssüm edir.
“Qürbət zöhrəsi” romanının ədəbi səciyyəsini riyazi ölçü ilə də şərtləndirə bilərik. Bunu əruzun təfilələri ilə şərh edək:
Tələbəlik illərində ilk məhəbbəti daşa dəyən, gənc yaşında faciə dadan, dərin düşüncəsi olsa da dövrün tələblərinə uymaq məcburiyyətində qalan, elə bu qənaətdə bir ailədə yaşamağa ürcah edilən Zöhrə adlı bir qızın çəkdiyi iztirab və yaşantılar ümidsizlik acıları yayır. Yazıçı oxucuları inandırmağa çalışır ki, cəmiyyəti təkcə qəlbi və fikri qara olanlar zülmətə çevirmir, içi işıqla dolu insanların mütiliyi də buna karlı səbəb yaradır. Bu üzdən əsərin baş qəhrəmanı Zöhrə (məcburi halda) abrına qısılır, əvvəl qız, sonra qadın, daha sonra ana kimi milli zəminlərə boyun əyir, mentalitet bataqlığında çabalayır, ən əsası, (böyükləri kimi) lazımsız ləngərlərində batdığı mühitə qarşı müqavimət göstərmir… Çünki təkdir, ürcah olduğu törəçi ənənəni dağıtmaq üçün cəmiyyət büsbütün onun kimi düşünməlidir...
Hesab edək ki, birinci nüans – Zöhrənin eşq duyğusuna aldanmaq cəhdi Səri bəhrinin 4+4+3 ölçülü Müftə’ilün müftə’ilün fA’ilün təfiləsində, ikinci nüans – sevgi hissini daddıqdan sonra cəmiyyətin adətkar yanlışlığında çabalamaq isə Xəfif bəhrinin 4+4+3 ölçülü Fə’ilAtün məfA’ilün fə’ilün təfiləsindədir. Xatırladaq ki, hər iki zəmində həyat ölçüsü eynidir, lakin təsiretmə baxımından ritmik-ictimai çalar ikinci nüansı Xəfif bəhrinə - belə deyək, mentalitetə aid edir. Biz hər iki nüansı Həzəc bəhrinin MəfA’İlün məfA’İlün fə’Ulün təfiləsi ilə də uyğunlaşdıra bilərik. Çünki qarışıq hissdə cəmləşən istehza Zöhrəni (onun timsalında minləri) başıaşağı-başıqapazlı olmaq məcburiyyətində qoyur. Həmçinin, Rəməl bəhrinin FA’ilAtün fA’ilAtün fA’ilün təfiləsi də bu nüansları özündə ehtiva etmək iqtidarındadır və s. Əsas odur ki, müəllif sadaladığımız bu nüanslarda hələ vəcdin nə olduğunu bilməyən mexaniki tərpənmələrə eyham vurur, bu duyğu qatındakı ruhsallığı könül aynalarının gözlə güclə görünən cizgiləri kimi xarakterizə edir. Yəni ata-babalarımız qaraya ağ demək məcburiyyətində qalıblarsa, sonrakılar da (ya könüllü, ya məcburən) bu tendensiyanı davam etdirməlidirlər (və etdirirlər). İki istiqamət arasında qalan Zöhrə də elə bu anlamda milli “gerçəklər”i fövqəl sayır, həyatını mənasız bataqlıqlarda boğur, özünü batırır.
“Qürbət zöhrəsi” romanının poetik mayası (başdan-başa) məhz bu təsirdən yoğrulub. Biz təkcə Zöhrənin taleyinə acımırıq, həm də mühitin ənənə-adət mərmisindən ölən, yeriyə-yeriyə, gülə-gülə, sevə-sevə ölən insanların hər birinə ayrı-ayrılıqda yas tuturuq.
“Qürbət zöhrəsi” romanını epik dərkdən bir mərtəbə yüksəyə qalxmaqla (idraka köklənməklə) təhlilə çəksək, xoşovqat duyğularda dəyişilən insan fəhmləri görərik və «yeriyə-yeriyə, gülə-gülə, sevə-sevə» ölmək anında sürreal zəminlərin hansı real sistemlərdən qaynaq götürdüyünün fərqinə vararıq. Bu fikirlərdə müəllifin öz mistik baxış tərzləri də qabarıq hissi keçidlər əhatəsində mükəmməl oblast tapır və idrak müstəvisində cilalanır.
Ulduz xanım roman boyu oxucunu fəal vətəndaşlığa sövq edir, onu öz mənəvi əhatəsində cəm edə bilir. Burada idraki vəcdin əsas leytmotiv yaradan xətləri də ruhsal hissin, mərdanə duyğuların, bir mərtəbə yuxarıda təcəlla edən insanın xoşovqat səciyyələri kimi əxz edir. Açığı, “Qürbət zöhrəsi” romanındakı səciyyə bax, bu ruhsal hənirdə, bu duyğusal məna çalarında ovqat tapıb. Heç kim bu əsərdəki obrazları Zöhrənin timsalında avam, qorxaq hesab edə bilməz, çünki müəllif öz obrazlarını gözüaçıq, fəal və çevik tərzdə verib, onların şüurda cilalanan hislərini böyük bir ömür anı kimi göstərməyə müvəffəq olub. Sadəcə, milli zəminlər burada sosial zəbtetmə kimi diqqətdədir.
Bəsirət-qəlb gözü ilə həyata, zamana nüfuz etməyi bacaran Zöhrə və onunkimilər idrakın şüurüstü qatlarında yol-riz tapmaqda aciz deyillər. Hətta ən duyğusuz anları belə ruhi vəcdə gətirmək əzmindədirlər. Dediyimiz kimi, ənənəçi kəsblər hadisələrə ayrı bir məntiqdən yanaşmağı diqtə edir.
Belə deyək, romandakı ruhi ucalıq müəllifin insanlıq vəsfi, hadisələrə milli münasibəti onun Allaha etiqadıdır. Bu iki kod onun vətəndaşlığa sevgi səpə bilmək gücüdür. Bu zəmində əsərdəki böyük təpərli obrazlar əslində, sədaqəti, sevgisi ilə rəğbət qazanmış Allah bəndələridir - elə bəndələr ki, idrakın üst qatlarında ruhi təcəllaları daha çox anlayırlar, ancaq milli zərurətə boyun əyməyi özlərinə bir borc sayırlar. Yüksək istək və arzularda yekun, cəm kimi görünən bütün sadəliklər onların vətəndaşlıq məsləkində bərqərardır.
Romanda müəyyən qədər soy-kök zərurəti, eyni zatda birləşmək məğzi də mövcud ənənənin ibtidai zənni kimi məna tapır. Əsəri oxuduqca düşünürük: Zöhrənin yaşadığı dövrün ruhundakı paradoksallıq doğrudanmı bu zərurətdədir?! Diqqət edək: Zöhrə məsum surətdir, əsər boyu tənqidə məhz o məruz qalır. Əslində çək-çevirə məruz qalası şəxs hələ tələbə ikən onun qəlbini oğurlayan oğlan, həyat yoldaşı Vüqar, qaynanası, baldızı, əhatəsindəki insanlardır. Daha çox isə mühitdir. Mühiti dəyişən tiplərdir və s... Ailə-məişət zəminində yaşananlar Zöhrəni gücdən salır, o, (az qala) mənliyini itirəcək hala düşür. Ancaq kimsə onun taleyinə acımır... Yalnız Allaha ümidi onu mümkün qədər özündə tuta bilir.
Əsərdə o qədər (belə rəngdə, belə biçimdə) eyham var ki, fərqinə vardıqca ağıl tabını itirir.
Biz əsərdə Zöhrəni orta yaş həddinə dolanadək sakit – dilsiz, ağızsız görürük, o, ara-sıra içinin acılarını kiminsə üstünə tökməyə belə müvəffəq olmur. Məsələn:
- ...Hərdən istəyirdim, deyəm ki, bəs mən və mənim balalarım səninçün heç kimik? Bəs nə yaxşı pulumuz doğma olur? Amma bu sözü heç vaxt deyə bilmədim...
Bu və bu kimi yüzlərlə abzasda biz Zöhrəni pərişan halda – demək istədiyi, deməsi vacib olan sözləri udduğunu görürük. Hər gün “bəlkə sabah yaxşı olar, bəlkə sabah vəziyyət dəyişər” deməsi onu düşdüyü bataqlıqda daha dərinə atır. Zöhrə o an bir dəfə olsun, düşünmür ki, “qozbeli qəbir düzəldər...”.
Nəhayət, yaşının çallaşan vaxtında Zöhrə ara-sıra səsini yüksəltməyə - ümumiyyətlə səs çıxarmağa nail olur, onda da təhqirə məruz qalır:
- Nənən niyə maşın üçün apardığı pulla cehiz almır? Yaxşı, razıyam, Gülər işləmir, atası da dünyasını dəyişib, qardaşları kömək etməlidirlər. Səndən də yaxşı yerdə işləyən böyük qardaşına maşın almağa bizim borcumuz var?
- Səsini kəs!
- Bütün illər boyu səsimi kəsmişəm, içindən nə çıxıb? Mənim də uşaqlarım böyüyüb. Onların təhsili var. Bir sürü borcları-xərcləri var...
Bu sonrakı təlatüm – bir növ, “daldan atılan daş” Zöhrənin hayqırtılarının əbəs olduğunu göstərir. Vüqara elə gəlir ki, kişidir deyə istədiyini edə bilər...
Baxın, Vüqar da törəçi ənənənin əsiridir. Öz ailəsi sosial çətinlik girdabında boğulduğu halda, o, əlində olan pulu maşın alması üçün qardaşına verir və s.
Romandakı hər abzasda bir həyat kəsbi var; (belə deyək) burada hər söz öz-özlüyündə bir xəyalyaratma israrı ilə əks edir. Oxucu bəlli edir ki, doğru söz-ifadə ifrat aludəçilikdən uzaqda məzmunla doludur; onun bədii yükü zövq açır... Zöhrə də (məhz) bu mənada özünün insançı xarakteri ilə hətta doğmalarının, düşdüyü əhatənin içində çək-çevirə məruz qalır; bu aspektdə o, özü də bilmədən dünya sığalına yatmağı vecsiz mükalimələrə qoşulmaq qədər qorxulu hesab edir.
İnsanın bir ailə, bir cəmiyyət içində tək qalması, özünü tənha hesab etməsi doğrudan da faciədir...
Bunun ictima rakursdan fərqinə varaq: Zöhrə minbir əzab-əziyyətdən – belə deyək, ömrünün bütün şirin çağlarını başqaları üçün sərf edib qurtardıqdan sonra “ağ gün”ə çıxmaq “şansı” əldə edir. Ancaq o, illərlə içində çabaladığı acı dolu həyatın zəncirlərini – törəçilik buxovlarını (nədənsə) qırıb atmaq istəmir. Bəlkə də bunu çəkdiyi zillətin acığına edir. Bəlkə də düşünür, sap qədər nazildikdən sonra ip qədər olmağın bir faydası yoxdur. Başının üstündə “təsir maşını” kimi fırlanan dönəmləri olduğu kimi təqdir edir. Buna digər tərəfdən həyat yoldaşı, ona xoş gün əvəzinə işgəncə verən Vüqarın ölüm yatağına düşməsi də zəmin yaradır. Bu hal Zöhrəni daha ağır girdablara atır. O, indi bu təlatümdən yaxa qurtarmaq əzmindədir, fəqət yenə də mühit boşluğu, törəçilik kəsbi – “o, nə deyər, bu nə fikirləşər” kimi israrlar onu köhnə dəbdə qalmağa məcbur edir.
Əlbəttə, bəlkə də oxucu romanı əxz edəndən sonra, bəlkə də yarıda Zöhrəni qınayır, ona aciz, mağmın, zəif damğası vurur, hətta (bəlkə də) deyir ki, mən onun yerinə olsaydım, zərrə qədər bu ifrata varmazdım. Həyat tək bir Vüqardan – yöndəmsiz düşüncəli bir zalımdan ibarət deyil ki... Həyatın qışı olduğu kimi, yazı da var. Yəni... Bəllidir, oxucu nə demək istəyir. Çox vaxt biz də belə düşünə bilərik. Ancaq törəçilik elə bir dəhşətli yaradır ki, atalarımız onu Allah xofundan da üstün tutublar. Zöhrəni də, oxucunun təbirincə desək, aciz, mağmın, zəif edən elə budur. Törəçi ənənə nə qədər böyük bir fəlakətdir ki, (hətta) müəllif də Zöhrənin taleyinə acımır, onu işgəncələr içində qovurur.
Bəli, Ulduz xanımın Baş Obrazı aldığı sarsıntılardan zəif düşür, həyatla təmasda mətin sıçrayışlara meyl edir, lakin bunu axıra qədər davam etdirmir. Anlayır ki, elin-elatın xoşovqat həyata bağlanmaq israrı sınmaz iddiaya sahib olmaq iddiasından daha sərfedicidir, o zaman susur, adətə-ənənəyə əsir olur.
Bu timsalda biz “Zöhrə” sözünü (əlifbalar üzrə) kosmoloji koddan çıxarmaq cəhdində olaq. Latın qrafikalı Azərbaycan əlifbasında bu söz aşağıdakı kimi çeşidlənir:
Z - 32
Ö - 22
H - 11
R - 24
Ə - 7
Bu çeşiddə cəm - 32+22+11+24+7=96-dır. Alınan cəmin hədd məntiqi 9+6=15=1+5=6, kənar keçidləri 9-6=3 prosesi ilə zərurət tapır. Burada 6 həyat əmsalıdır, Zöhrə ulduzunun 6 çıxıntıdan ibarət olmasına işarədir. 6 rəqəminin 3-lə nisbəti (6:3) 2-dir. 2 isə 1+1 zərurətidir – insan və onu əhatə edən həyat prosesidir. Burada ya insan daim mühitə kölə olmaq məqsədi güdür, ya həyat insan üzərində öz hökmranlığını davam etdirmək israrı ilə dövr edir.
Adıçəkilən sözün Sanskrit əlifbası üzrə rakursları belədir:
Z (za) - 8
Ö-o (o) - 3
H – (ha) - 5
R (ra) - 2
Ə (ə-e) - 6
Bu çeşidin də əhatə cəmi 8+3+5+2+6=24-dür. Burada hədd məntiqi 2+4=6, kənar keçidlər 2-4=-2 prosesi ilə əks edir. 6 rəqəmi yuxarıda dediyimiz kimi, həyat əmsalı, həyat tezisidir. Zöhrə adı ilə təmas quran tezlik – hesab çək-çeviridir. -2 (mənfi iki) anlamı insanın da, həyatın da bir müddətdən sonra yoxolma zərurətidir. Bu riyazi kəsbdə qabarıq bir məna var: nə insan həyata zor tətbiq etməli, nə də insan həyatı öz vassalı hesab etməlidir; çünki sonda ikisi də yoxluq acısı yaşayır... Bu hal 1-1=0 qənaəti ilə eynidir. İnsan öləndə həyat, həyat viran olanda insan lazımsız olur. Bir növ, (necə ki,) Zöhrə yaşadığı, ürcah olduğu həyatın içində yoxluğa müntəzir qalıb...
Əminik ki, başqa aspektlərdən də yanaşsaq, “Zöhrə” sözündəki məna və məzmunu oxşar tipdə çək-çevirə məruz qoya bilərik...
“Qürbət zöhrəsi” romanı ailə-məişət dramı olsa da, əslində, bir İnsanşünaslıq proqramıdır. Buradakı kod və şifrələr oxucunu ayıq olmağa, Zöhrənin və Vüqarın səhvini təkrarlamamağa təhrik edir. Bu romanı (həm də) bədii-maarifləndirici zəmin hesab etmək olar. Romanın statusları həyata köhnə dəblə baxmaq israrı deyil, köhnə ənənəçilikdə yeni əhatə tapmaq cəhdidir. Məsələn, əgər Zöhrə və ya Vüqar həyata bir qədər açıq gözlə baxsaydılar, mövcud çətin duruma düşməzdilər. Yəni şərt böyüyün üzünə ağ olmaq deyil, məsələ törəçi mühitdə sətiraltı yeni model qurmaq bacarığıdır. “Qürbət zöhrəsi” romanının Baş Obrazları bunu bacarmadılar, heç buna cəhd də etmədilər... Belə demək mümkünsə, fərqinə varmadıqları mühitə qul olmağı bir “fəxarət” bildilər.
Nəticə (isə) göz qabağındadır.
Bizim “Qürbət zöhrəsi” romanının obrazlarını qınamaq haqqımız yoxdur; özümüz də iyirmibirinci əsrdə bəzi törəçi təsirlərə məruzuq. Zöhrənin mövcud olduğu dövr də (bizim) yaşadığımız dövrdən o qədər uzaq deyil. Bu, o anlama gəlir ki, (bundan sonra) min illər də ötsə törəçilik öz sözünü deyəcək...
Hikmət Məlikzadə