İnannanın hekayəsi

Atanur Nəbiyeva
Sənədli film rejissoru, Almaniya
İnannanın hekayəsi
Bundan yüz il öncəyə qədər Qarakilsə elində Yüzinəkli adında bir kənd vardı. Bu kəndin dörd bir yanı meşələrlə əhatələnmiş, kiçik çaylar, gözəl bağçalar, sərin havası olan bir kənd idi. Kənd əhli sülh və dostluq içində yaşayırdı. Kəndən bir kimsənin yardıma ehtiyacı olurdusa, kimsə əlindən gələn yardımı əsirgəməzdi.
Kənd əhlinin qədimdən burda deyil, Arıxlı adlı bir kənddə yaşadığı haqqında da söhbətlər vardı, amma bu gerçəkdənmi belə idi, kimsə bilmirdi. Deyilənə görə, bir gün Arıxlı kəndinə bir yad adam gəlib. Bu yad adamın yeri-yurdu, kimi-kimsəsi yoxmuş. Harda yer tapsa, orda uyuyurmuş, özünə hər gələndən yemək dilərmiş. Kənd camaatı bu yad adama acımış, bir yerə toplanıb ona yardım etmək üçün çıxış yolu aramışdılar. Camaatın içindən biri belə demişdir:
– Madam ki, ehtiyacı var, yardım edək. Bir parça torpaq verək, yerini-yurdunu bilsin, yuva qursun, yaşasın.
Onun bu təklifinə kimsə etiraz etməmiş, hamı bu fikrə razı olmuş, yardım etmək savabdır deyə düşünmüşdülər. Aralarından birini yad adamla danışmaq üçün seçmişdilər. Yad adam ona verilən bu təklifi qəbul etməmiş və ”Tək bir istəyim var, bir mismar vuracaq qədər yerim olsun” demişdir. Kənd əhli bu cavabdan çaşsa da, ona bir mismar qədər yer vermişdir. Gəlmə bir böyük mismar alıb ona verilən yerə vurmuşdur. Bir gün kənd camaatı mismarın üzərində leş olduğunu görmüşdülər. Gəlmədən leşi qaldırmağı istəmişdilər. O isə ”Bir mismar qədər yer verdiniz, onu da mənə çox görürsünüz?” – deyə cavab vermişdi. Kənd camaatı bundan sonra gəlməyə bir daha bir şey söyləməmişdilər. Günlər keçdikcə leş qoxumağa başlamış, qoxumuş, qoxumuş… Leş qoxusu bütün kəndi bürümüş, qoxusundan dözülməz hal yaranmışdır. Kənd əhli kəndi tərk etmiş və Yüzinəklidə yeni yurd salmışdı.
Sonrakı günlərdə leş qoxusu Yüzinəkliyə qədər gəlmişdir. Mənbəsi məlum olmasa da ortada bəzi söz-söhbət dolaşırdı. Bəziləri qonşu kənddən Yüzinəkliyə basqın olacağını söyləyirdi. Qonşu kənddə isə ermənilər yaşayırdı. On üç il öncə ermənilərin Azərbaycan kəndlərinə basqın edəcəkləri ilə bağlı xəbərlər yayılsa da, Yüzinəkli ilə qonşu kənd arasında dostluq hökm sürürdü. Bu üzdən də kənddəki adamların çoxu bu deyilənlərə inanmaq istəmirdi. Bir neçə ailədən savayı. Bunlardan birisi Rəşidin ailəsi idi. Rəşid Yüzinəklidə yaşasa da əslən Haqqıxlıdan idi. İllər öncə çalışmaq üçün buraya gəlmişdi, çalışarkan də Rəna adlı bir qızla evlənib həyatını burda qurmuşdu. 1906-cı ildə Haqqıxlıdakı soyqırımında bütün ailəsini burada itirmişdi. Bu günlərdə dolaşan söz-söhbət doğru-yalan olduğu bilinmirdi, ancaq getməyə qərar vermişdi. Onun getmək istəyi digərləri tərəfindən xoş qarşılanmamışdı. Ən başda da burda olduğu gündən bəri daim yanında olan Səlim bu məsələdə qarşısında durdu:
– Hamısı boş danışıqdı! Səndəmi inanırsan bu yalanlara? Belə ola bilərmi, ermənilər bunu bızə qıyarmı? – deyə, söylənilənlərin yalan olduğunu ilk əvvəl sübut etməyə çalışmışdı. Lap elə ermənilər kəndə basqın etdilər. Heç nə olmamış kimi qaçacağıqmı? – deyib, onun gözlərindən oxumaq istədiyi cavabı axtarmışdı. Ancaq Rəşidin verdiyi cavabla çoxillik dostu gözündə bir özgəyə çevrilmişdi.
– Səni bilmirəm, amma məni düşündürən sey ailəm.
O yaz Rəşidin ailəsi kəndi tərk edərək qonşu Ərəfsə kəndinə daşındı. Geridə qalanların çoxu bu deyilənlərə inanmadı, inanlarsa sonuna qədər Yüzinəklidə qalmağa qərar verdilər.
Bir sentyabr sabahı idi. Səlimin ailəsi hər gün olduğu kimi bu gün də erkəndən qalxmış, süfrə başında cəm olmuşdular. Səlimdən başqa hamı süfrə başında idi, onunsa cümə günləri işi çox ağır olurdu, işdən axşama doğru dönər, dönüncə də o qədər yorğun olurdu ki, ertəsi gün günortaya qədər yatardı. Səlim evdə olmasa da süfrə hər zamankı şəkildə hazırlanmışdı. Süfrədə kənd səhər yeməyində hər zaman tapmaq mümkün olan yeməklər – evdə hazırlanmış mürəbbələr, təndir çörəyi, nehrə yağı vardı. Nehrə yağı yalnız kənd yerlərində hazırlanan bir yağdır. Əvvəlcə təzə süddən hazırlanmış qatıq nehrə deyilən qabın içinə tökülürdü. Qış aylarında hava soyuq olanda qatığa bir az isti, yay aylarında hava isti olduğundan bir az soyuq su tökülərdi.
Bu istilik fərqi nehrənin çalxalanmasıyla birləşəndə qatıqdakı yağın bir zamandan sonra qatıqdan ayrılmasına səbəb olurdu. Nehrəni çalxalama işini bir adam da edə bilirdi, ancaq iki adam edincə daha tez hazır oluğundan, ailədə bu işi Səlimin arvadı Dilbər və böyük qızı Sürəyyə edərdi. Nehrə çalxalamaq Sürəyyənin ən çox sevdiyi işlərdən biriydi. Nehrəni çalxaladıqdan sonra anası nehrəni kəndirdən asıb içindəki yağı çıxarmaqla məşğul olarkən Sürəyyə gizlincə nehrənin ipini alıb bağçaya qaçardı. Bu ipdən sallancaq düzəldib sallanır, sonar isə anası görmədən yerinə qoyardı. Amma bu işi bilən yalnız o deyildi, kiçik qardaşı Adil və Nübar onu sallanarkən görərdilərsə sallanacaqda onların da əylənməsinə izin verərdi. Əgər bunu etməsəydi, qardaşı və bacısı ağlar və ipi izinsiz, gizlin apardığını anasına xəbər verərdilər.
O gün süfrədəki kiçik qardaşları Tuğrul analarının sol yanındakı taxta beşikdə uyuyurdu. Dilbər bir tərəfdən uşaqları yedirdir, bir əli ilə də beşiyi yırğalayırdı. Bütün gecəni onu yatmağa imkan verməyən uşaq indi yuxuya getmişdi. Ayağa qalxıb Adil üçün çay süzdü, sağ əlində tutduğu stakanı uşağın qabağına qoymaq istərkən stakan əlindən yerə düşdü. O yerə düşüb qırıldı, ancaq bu qırılma şüşə qırılması səsinə bənzəmirdi. Və bommm… deyə gələn səsin ardından kiçik Tuğrul yuxusundan oyanıb ağlamağa başladı.
Dilbər yerində donub qalmışdı. İkinci dəfə eyni səs təkrarlanınca uşaqlar ayağa qalxıb qorxu içində analarının qıçlarını qucaqladılar. Heç biri hərəkət edə bilmirdi, sadəcə, bir-birinə sarılıb səs kəsilməsini gözləyirdilər. Amma səs durmadan təkrarlanmaqda davam edirdi. İtirəcək vaxt yox idi. Özünü itirən Dilbər uşaqlar ağlayarkən ona sığınanda sanki birdən-birə nə baş verdiyini anlayıb öz gücünü topladı. Səslər getdikcə yaxınlaşırdı. Sağ qolu ilə kiçik qızı Nübarı qucaqladı, Adili də sol qoluna aldı. Anasının ətəyindən yapışan Sürəyyə da onunla birgə bağça qapısına doğru qaçırdı. Qapını açıb çıxarkən dəhşət içində dönüb geriyə baxdı. Tuğrul! Uşağın bağrı çatlayacaq qədər uca səslə çığırırdı, ağlama səsləri atəş səsləri ilə birləşərək hürküdücü bir ahəng yaradırdı. Öncə Adili əlindən yerə buraxdı və uşağa doğru addım atdı. Atəş səsləri bu dəfə daha yaxından, qonşu Əminənin bağçasından gəlirdi. Sonra beşiyə yaxınlaşıb uşağı almaq istədi. Uşağı qucağına alarkən Adil arxadan “ana” deyərək ağlamağa başladı. Sonra Tuğrulu buraxıb Adilə doğru qaçdı. Adili qucağına alıb indi də Nübarı buraxdı. Ağlayan uşağı qucağına alıb arxaya dönüncə kiçik əlləri ilə islaq gözlərini ovuşduran Nübarla göz-gözə gəldi. Düşmən bir neçə saniyəlik məsafədə idi. Tuğrulu taxta beşiyinə buraxdı. Bağça qapısı bir anda qapandı, seçim edilmişdi. Öz evladlarının həyatını qurtarmaq üçün çaba edərkən evladlarını bağça qapının arxasında ölümə təhvil vermişdi.
Qaçdı, qaçdı, heç durmadan, heç gözləmədən, qurtulmaq üçün yox, qurtarmaq üçün. Onu kimsə qurtara bilməzdi artıq, o gün o bağçada balaları ilə bərabər ölmüşdü.
Tuğrulu itirdiyi aylar olmuşdu. Dilbər isə sadəcə oğlunu deyil, özünü də itirmişdi eyni zamanda. Əvvəlcə ona təsəlli verməyə gələn qonşular, artıq ümidi kəsilmiş kimi görünürdülər. Dilbər üçün “ağlını itirmiş zavallı” deyilirdi. Gerçəkdən Dilbər ağlını itirmişdi. Kimsə günahkar saymırdı Dilbəri. Onun yerində kim olsaydı eyni halı yaşayardı. Amma o özünü heş bağışlamayacaqdı. “Kaşki birlikdə ölsəydik” deyirdi bəzən vicdan əzabının təsirindən. Bəzən də digər balalarının sağ qalması üçün etdiyi fədakarlığı xatırlayıb təsəlli tapardı. Ən çox gecələri acı çəkərdi, özündən küskün yalnız qalınca qulağına Tuğrulun ağlamaq səsi gəlirdi. Bəzən də özündən sual edərdi: yenə o bağçada olsaydı, nə edərdi? Bir daha buraxa bilərdimi uşağını? Tapa bilməzdi sualına cavab, tapmayınca da çox əzab çəkərdi.
Aylar öncə kəndə edilən basqın zamanı Dilbər və uşaqlar digər canını qurtaran ailələrlə birlikdə qonşu Ərəfsəyə qaçmışdılar. Yüzinəklidəki qonşuları Rəşidin evində birlikdə qalırdılar. Bir neçə ay sonar Dilbər dünyaya yeni bir körpə gətirdi. Ancaq bu körpə də Dilbərin gülüşünü geri qaytarmadı. Uşağın üzünə belə baxmadı, onun gözlərində Tuğrulu görməkdən qorxurdu. Rəşidin arvadı Rəna uşağa “Qızlar” ismini vermişdi. Sürəyyə daha öncə ölülərin başqa bədənlərdə yenidən həyata gəldiklərini eşitmişdi, bu üzdən də kiçik bacısı Qızların bədənində Tuğrulun ruhu olduğuna inanırdı. Basqından sonra anasının özünü itirdiyinə görə kiçik bacısına Sürəyyə baxırdı. Bir gün aulda bacısını çimizdirərkən Adil başının üstünü kəsdirib bir şey sormaq istəyirmiş kimi üzünə baxdı. Sürəyyə başını qaldırıb “nə oldu?” mənasında başını yırğaladı. Ardından Adil onun böyüməsinə səbəb olacaq bir sual etdi:
– Səncə, atam dönərmi?
Sürəyyə əlindəki kiçik su qabını buraxıb iki əli ilə uşağı qucaqladı. Gözlərini Adilin gözlərindən qaçıraraq “hə” dedi. Böyüklərdən öyrənmişdi bunu. Adamın özündən kiçiklər soru sorarkən onlara istədikləri cavab verilirdi. İndi Sürəyyə də böyükdür və Adilə istədiyi cavabı verməliydi.
– Tuğrulu da gətirirmi gəlincə?
Bu dəfə “hə” deyəmməmişdi, çünki Tuğrulun öldüyünü bilirdi. Ancaq bunu Adilə başa sala bilməzdi, başa salsaydı da anlamazdı.
– Hardan bilim mən? Gedib oynasana! – deyə acığı tutdu Adilə, – böyüklər cavab verə bilmədikləri sorularda uşaqlara acıqları tutardı.
Adil bacısından küsüb bağça qapısından bayıra qaçdı. Bütün uşaqların günləri bayırda keçərdi. Bəziləri analarını gözlərdi, bəziləri atalarını. Uzaqdan gələn bir qaraltı görüncə atası sanardı Adil. Bu küçələrdən bir gün savaşmağa gedən könüllülər və geri gələn cəsədlər keçərdi. Ölüm qoxusu hər tərəfi sardığı günlərdə Soltan bəy xalqın tək sığındığı insan idi. Paşa bəyin oğlu Soltan bəy bu torpaqda doğulmuşdu. Hər zaman olduğu kimi bu zor zamanlarda da xalqa arxa durmuş vətənini qorumaq üçün hər kəsi başına toplamışdı. Demək olar ki, kəndin bütün kişiləri onun ətrafında birləşmişdi Rəşiddən başqa. Evdən bayıra çıxmır, “Mən ailəmi yalnız buraxmaram” deyirdi. Bir gün Rəşidin evində belə bir hadisə oldu ki, o bir daha evə gəlmədi. Savaş başlayınca bütün hamı bütün malını, mülkünü, heyvanlarını, gəlirlərini buraxıb qaçmaq zorunda qalmışdılar. Ərəfsədə əhalinin sayının artması da aclığın başlamasına yol açdı. Bir yandan da könüllülərə ərzaq göndərmək gərək idi. Uşaqlar acdır, adamlar bir parça çörək üçün bir-birinə üz tuturdular. Bir gün Rəşidin arvadı Rəna kartof qaynadıb, qabıqlarını soydu. Yaxşıca əzdikdən sonra küftə halında yuvarladıqları kartofların tavada qızarmasını gözlədi. O axşam günlərdir ac olan uşaqlar ətin dadını çoxdan unutduqlarından yedikləri şeyin kartof olduğunu fərq etmədilər belə.
Ac olan sadəcə insanlar deyildi, yeməyə heç bir şey tapmayan köpəklər belə qudurmuşdular. Deyilənlərə görə, gecələr hamı yatandan sonra aclıqdan quduran itlər evlərə girib kiçik uşaqları yeyirmiş. Savaşdan öncə belə köpəklər görünməmişdi, onların yerinə “Hohan” isimli quleybani varlıqlar vardı. Sürəyya bunu uşaqları qorxutmaq üçün söylənən bir yalan olduğunu düşünürdü. Anası da əvvəllər onu belə qorxudub uyudurmuş. “Yatmazsan “Hohan” gəlib səni yeyər.” Deyərdi. Ancaq bir sabah oyandıqlarında Rəna xalanın kiçik qızı Leylanı evdə tapa bilmədilər. Sürəyyə o gün Rənanın dəlicəsinə çıxartdığı çığırtı səsinə oyanmışdı:
– Leyla qızım hardadır? Yardım edin! Allah üçün yardım edin! Leyla!
Yarı oyanıq ikən Leylanı Hohanın yemiş ola biləcəyini düşündü. Sonra yerində dinməzcə oturdu. Rəna bağırmağa davam edirdi, o yerindən qalxıb qaçdı.
Evdə hər kəs Leylanı axtarırdı. Sürəyyə və Adil qaçaraq bağçaya çıxdılar. Rəna bağçada dəli kimi o yan-bu yana qaçırdı. Onun gözlərindəki qorxu və həyəcan uşaqların da qorxmasına səbəb olurdu. O gah bağça qapısına doğru, gah da evə doğru yüyürürdü. Ağacların altında, budaqların üstündə, çalaların arasında Leylanı axtarırdı. Rənanın bağırtıları bir an belə kəsilmirdi. O bağçanın tam ortasında başını önünə əyib səssizcə dururdu. Birdən əyilib önünüdəki şeyə daha yaxından baxmaq üçün başını ona yaxınlaşdırdı, sonra dizləri üstünə çöküb yerdə tapdığı şeyi qucağına aldı. Başını qucağında gizlədib beləcə dururdu. Bağırmırdı, ağlamırdı, oxşayırdı onu. Adil Rənanın qucağındakının nə olduğunu öyrənmək üçün onun yanına qaçdı. Uşaq nə gördüsə dəli kimi bağırmağa başladı. Rəna isə onun bağrışma səsini eşitmirmiş kimi qucağındakını oxşamaqda davam edirdi. Az öncə gözlərini bürümüş qorxu və həyəcan indi yerini sakit bir gülümsəməyə buraxmışdı. Sürəyyə heç bir şey anlamadan onlara doğru yürüdü. Yaxınlaşması ilə Adilin başını qucağına qısması bir oldu. Rənanın qucağında Leylanın qırmızı çəkmələri var idi, içində isə kiçik ayaqları. Qırmızı çəkmənin içindəki ayaqlardan süzülən qan onun üzərində quruyub qalmış, çəkməni qaraya boyamışdı. Sürəyyə öyrənmişdi qanın qırmızı çəkmənin üzərində qara göründüyünü. Əvvəllər ölümün rəngini qırmızı sanırdı, Leyla isə qırmızı yox, qara ölmüşdü.
Sərhəddən hər gün ölüm xəbərləri bu məhəllələrdən keçib evlərə dolurdu. Zaman keçdikcə uşaqlar bu ölüm qoxan məhəllələrdən evlərə çəkilmiş, atalarını yollarda gözləməkdən vaz keçmişdilər. Sürəyyə bu yolldarda kimsəni gözləmirdi. Atası ölmüşdü, bundan əmin idi. Ancaq küsdüyü bu yollar bir gün ona atasını gətirdi. O gün Adil, Rənanın uşaqları Fəridə, İlham birlikdə yüyürərək bağça qapısından içəri girmişdilər.
Nəfəsini dərmədən “Bacı, qaç, atam!” deyə, bağırmışdı Adil. Sürəyyə onun yenə bir başqası ilə atasını qarışdırdığını düşünmüşdü. Bu üzdən də əcələ etmədən başını bağça qapısından çıxarıb yola baxmışdı. Uzaqdan gələnlərin kimliyini fərq edincə “Ola bilirmi?” deyə, düşünmüş və həmin andaca yola yüyürmüşdü. Gələn adamların arasında atasını görüncə sonralar da səbəbini bilmədiyi şeyi etmişdi.
Onlar qaçıb sarılmaq yerinə evə doğru yüyürüb, yerdə oturub bacısını yelləyən anasına “Ana, atam gəldi!” deməyi seçmişdilər. Dilbər heç nə sormadan Qızları Sürəyyənin qucağına verib bayıra çıxmışdı. O an Dilbərin altı çökmüş, işığını itirmiş gözləri alov kimi parlamışdı. Yüyürərkən sankı ona əngəl olmaq üçün əks istiqamətdən əsən külək başındakı qara örpəyi açıb çiyinlərinə, sonra da aşağıya atmışdı. Sanki onun həyatına gələn bu balaca təsəllini lağa qoyurdu. Sanki külək onun yasını heç bir şeyin azaltmayacağını bilirdi. Birdən gözləri onun qarşısında duran bir cüt gözlə qarşılaşmışdı.
– Səlim! – deyə, bağırdı. Öncə durub bir-birlərinə baxdılar. Sonra Səlim Dilbərə yaxınlaşıb onun başını köksünə sıxdı. Dilbər aylardan sonra ağladı. Hər ikisi dizləri üstə çökdü. Dilbər yavaşca onun qulağına:
– Tuğrul, – diyə fısıldadı.
Səlim başını bilirəm anlamında salladı və əliylə onun saçlarını oxşadı. Sankı bununla Dilbərin acısına ortaq olmuşdu.
Evə gəldikdən sonar qonşular gözaydınlığı üçün gəlib gedirdilər. Bu günlərdə Səlimin anlatdığı hekayə bütün kəndin dilindən düşmürdü.
Basqın başlayarkən adamlar qaçıb Salvartı dağındakı mağaraya sığınmışdılar. Bu mağaranı kənddə hamı tanıyırdı. Sürəyyə də bilirdi, atası keçən yaz onu gəzdirərkən bu mağaraya gətirmişdi. Anlatdığına görə atası Sürəyyə yaşlarındaykən dostları ilə bərabər qoyunlarını Salvartıya gətirib burada gəzdirir, yağmur yağarkən, ya da çox yorulunca bu mağaraya girib dincəlirmiş. Basqının olduğu gün Səlim də mağarada saxlanılanların arasındaymış. Hər kəs səssizcə durub saldırının bitməsini gözləyirmiş. İçlərində Turac deyilən bir nənə və nəvəsi varmış. Nəvə durmadan ağlayıb nənəsindən bir şey istəyirmiş. Səlim qadına yaxınlaşıb uşağın nə istədiyini sorunca qadın anlatmış. O sabah Turac qarı ocaqda çörək bişirirmiş. Uşağa da kömbə deyilən kiçik şirin çörəklər hazırlamış. Kömbələri ocağa yerləşdirərkən atəş səsləri eşidilmişdir. Turac qarşı təlaşla uşağı qamarlayıb bağrına basıb qaçmışdır. Uşaqsa sabahdan bəri susmadan “kömbə” deyə ağlayır. Turac qarı nə etsə də uşağı sakitləşdirə bilməmiş və düşmən mağaranın önündən keçərkən uşağın səsi hər kəsin gülləyə düzülməsinə səbəb olmuşdu. Mağaradan sadəcə bir neçə adam yaralanaraq qurtulmağı bacarmışdı. Onlardan biri də Səlim imiş. Lakin Səlim ikinci kəs bu qədər şanslı olmamış, düşmənin əlinə keçmişdi. Qurtulması isə bir möcüzə idi. Düşmən Səlimi və başqalarını canlı qalxan olaraq istifadə etmək istəmişdi. Adamları bir-birinə zəncirləyib sərhəddi keçirən düşmən əsgərlər öz əsgərlərinin onlara atəş açmayacaqlarını bilirdilər. Ancaq əsirlər düşməni bölgəyə keçirməmək üçün öz həyatları bahasına dizləri üstünə çökmüş, bu planın həyata keçməsinə əngəl olmuşdular. Səlim də canlı qalxandan qurtulan əsirlərdən biriydi. Canını qurtarmışdı, amma vücudundakı yara izləri hələ keçməmişdi. Sürəyyə atasının gəldiyi gecə qapı arasından anasının bu yaralara baxıb ağladığını görmüşdü. Yaralar qırmızı və qara, eyni ilə Leylanın çəkmələri kimiydi. Ancaq Sürəyyə qorxmamışdı, Leyladan sonar heç bir şey onu qorxutmurdu.
Atalarının evə qayıtmasından sonra uşaqlar sanki yenidən təkrar uşaqlıqlarına dönmüşdülər, bütün günlərini birlikdə keçirirdilər. Sabahları oyunlar oynayır, axşamlar isə atalarından nağıl dinləyirdilər. Sürəyyə atasının gedəcəyini bilirdi, amma bunu düşünmək belə istəmirdi.Atası qayıtdıqdan bəri hər şey köhnəsi kimi idi, sanki savaş heç olmamışdı, Tuğrul ölməmişdi. Bir yandan da qorxurdu, həm də çox. Özünə etiraf etmirdi, amma dostları kimi onun da atasının ölməsindən qorxurdu. Bir gün atasını qucaqlayıb oturarkən başını qaldırıb onun gözlərinə baxdı, sonra:
–Ata, sən gedəcəksən, ya… – durdu, handan-hana ardını gətirdi, – ya dönməzsən?
Səlim gözlərini qızın kiçik gözlərindən çəkdi və onun nə zaman uşaqlıqdan çıxıb bu qədər böyüdüyünü düşündü. Ürəyi sızladı.
– Təbii ki, dönəcəm, qızım, – dedi, özü də söylədiyinə inanmadı. Sürəyyə onun səsindəki qərarsızlığı hiss etmişdi ki, təkrar sordu.
– Ya dönməzsən?
Səlimin qəlbi sıxıldı, bu otaq, bu dünya ona dar gəlmişdi. Özünü bayıra atdı, qızı görməsin deyə üzünü bağçaya döndərib ağladı.
Getdiyi gün erkəndən qalxmışdı hər kəs, uşaqlar nə olduğunun fərqində deyilkən, böyüklərsə bilirdilər Səlimi ölümə yolçu etdiklərini. Artıq zamanı gəlmişdi, Soltan bəyin yanına könüllülərə qatılmağa gedirdi. Dünən gecə uşaqlara son dəfə bir nağıl danışmış, “Qızıl balığın nağılı”nı.
Bəli, son nağıldı, söyləyərkən də bilirdi bunu. Savaşdan dönüb-dönməyəcəyi bəlli deyildi. Bəlkə də dönəcəkdi, uşaqları çoxdan böyümüş olacaqdılar. Nağıl balalarını güvənli bir yerdə dünyaya gətirmək üçün yemədən, içmədən, bir dəqiqə belə durmadan, dincini almadan üzən və onları etibarlı bir yerə buraxdıqdan sonra yorğunluqdan və aclıqdan həyatını itirən Qızıl bağıqdan bəhs edirdi. Nağılın sonunda ən kiçik evladı Nübar ağlayaraq:
–Amma nədən öldüüü? Balaca balıqlar nə edəcək indi? – deyə sormuşdu. Sorarkən də gözləri dolmuşdu. Sorunun ardından Səlim bir gün balaca balıqların da böyüyəcəyini, onların da öz balaları üçün eynisini edəcəklərini anlatmışdı Nübara. İndi isə özü də Qızıl balıq kimi balaları uğrunda uzun və sonu görünməyən bir yolçuluğa çıxırdı. Bacı-qardaşı bilməsə də, Sürəyyə bunun fərqində idi. Ancaq özünü soyuqqanlı aparacağına söz vermiş kimi ağlamırdı. Bu gedişdən Dilbər də gərgin idi, o isə ağlamağı çoxdan unutmuşdu. Rəşidin uşaqları və Rəna da burdaydı. Ağlını itirdiyi gündən bəri gülən Rəna yenə də anlaşılmaz bir xoşbəxtliklə gülürdü. Səlim hər kəsi tək-tək qucaqladı. Nübarı, Adili, Rəşidin uşaqlarını öpdü. Sıra ona gəlincə Sürəyyə gözlərini qapadı, qollarını açmadı atasının onu qucaqlamasını, sonra da ayrılıb getməsini gözlədi. Beləcə üsyan etmiş olacaqdı bu ayrılığa. Səlim ən son arvadına sarıldı, qucağındakı uşağın boynundan və alnından öpdü. Bağça qapısından çıxarkən Dilbərin qucağındakı Qızlar ağlamağa başladı. Nə qəribədir, sanki anlayırdı atasının getdiyini. Səlim getdi, getdikcə uzaqlaşdı, uzaqlaşdıqca bir qaraltıya çevrildi. Sürəyyə yola çıxıb bir az qaçdı arxasınca, atasına yetişib son dəfə təkrar sarılmaq istədi, ancaq yetişmədi. Bir daha görəcəkdimi atasını? Bu yollar təkrar geri gətiridimi onu? Bilmirdi...
Səlimin gəlişindən sonra evdə vəziyyət yaxşılaşmışdı. Dilbər özünə gəlmiş, uşaqları ilə maraqlanmağa başlamışdı, Rənanın uşaqlarına da öz uşaqları kimi baxırdı. Evdəki vəziyyətin əksinə, kənddəki durum olduqca gərgin idi. Aclıq davam etməkdəydi. Qida əldə etmək üçün uşaqlar da, böyüklər də durmadan çalışırdılar. Balacalı böyüklü bütün uşaqlar analarının yanında çalışıb onlara yardım edirdilər. Axşama qədər çalışıb yorulan uşaqların tək özlərini xoşbəxt hiss etdikləri yer Turğut müəllimin eviydi. Axşamlar evə dönüncə uşaqların çoxu onun evinə toplaşırdılar. Turğut müəllim istedadlı, ağıllı, təhsilli gənc idi. Bir ay öncə o da könüllülərlə birgə savaşarkən ayaqlarından birini itirmiş, evə dönmək məcburiyyətində qalmışdı. Ancaq başına gələn bu talesizlikdən sonra da ümidini itirməmişdi. İndi də öz evində qurduğu balaca məktəbdə bir kəndin uşaqlarına bildiklərini öyrətməklə işsiz qalmaq istəmirdi. Oxuma, yazma öyrədərkən, tarix, coğrafiya, hesab və ədəbiyyat kimi elmlərdən bildiklərini onlara anladırdı. Sürəyya da hər gün mütləq gəlir, dərslərin birini belə qaçırmazdı. Turğut müəllim onun gözündə bir qəhrəmandı, ona gözlərini qırpmadan baxar, ağzından çıxan hər bir kəlməni ağlına yazmağa çalışırdı. Hər dərsdə mütləq yeni kəlmələr öyrənirdi. Öyrəndiyi kəlmələrdən biri də “Cümhüriyyət” sözü idi. Turğut müəllim bir gün dərs başa salarkən:
–Bu il may ayının sonlarında cümhüriyyətimizi elan etdik. – dedi. Sürəyyə gözlərini geniş açıb:
– Cümhüriyyət nə demək, müəllim? – deyə, sordu. Müəllim gülümsədi və bütün uşaqlara baxaraq cavab verdi.
– Uşaqlar! Bu dediklərimin hamısını yadınızda saxlayın və heç zaman unutmayın. Cümhüriyyət haqdır, özgürlükdür! Cümhüriyyət elə bir şeydir ki, insan onun üçün canını verə bilər, çünki o su kimidir, nəfəs kimidir. Cümhüriyyəti olmayan bir xalq, demək, yaşamır.
– Cümhüriyyət olmayınca nə olur, müəllim? – deyə sordu uşaqlardan biri, Turğut müəllim:
– Cümhüriyyəti olmayan xalqı başqa xalqlar mənimsəyir, – dedi, – “mənimsəmək” bir dövlətin digər dövlətin sərvətlərinə, digərlərinə əl qoymasıdır.
Turğut müəllim bir neçə saniyə ara verib düşündü, uşaqları daha yaxşı başa salmağın yolunu tapdı.
–Məsələn, sən İlham, – deyincə, İlham müəllimin onu çağırmasından həyəcanlanaraq ayağa qalxdı, – məsələn, sən ananla birlikdə kartof əkirsən, – anlamayaraq “bəli” deyib başı ilə təsdiqlədi.
–Ancaq qonşu o kartofu səndən alır, sən vermək istəməyəndə döyür.
–Nədən? – İlham çaşqınlıqla sordu.
–Çünki sən əsirsən, – müəllim cavab verdi, – çünki sənin haqqın olan heç bir şey səna aid deyil.
–O zaman qonşum niyə özü üçün özü kartof əkmir?
Turğut müəllim İlhamın sualından durub qaldı. Uşaqların qəlbi dünyadakı pislikləri anlamayacaq qədər hələ də təmizdir.
Qış get-gedə yaxınlaşırdı. Davam edən aclığın yanına bir də soyuq gəlmişdi indi.
Könüllülərə isti paltar göndərilərkən bir yandan da öz ehtiyaclarını ödəmək gərək olurdu. Bu sırada sərhəddən də hər gün yeni xəbər gəlməkdə davam edirdi. Çoxusu da pis xəbərlər idi bunların, evində yaşadıqları Rəşid əmilərinin ölüm xəbəri gəldi. Xəbəri Rənaya verməyəcəkləri üçün Dilbərə demişdilər. Dilbər o gün tək kəlmə belə deyə bilmədi, düşünürdü, gecə də gözünə yuxu getmədi. Ağlını itirmiş Rəna onu anlamazdı. Uşaqlar atalarının olmamasına zatən alışmışdılar. Yaşadığını düşünərək həyatlarını davam etdirmələri daha yaxşı olardı.
Sürəyyə arxasını anasına döndərməsinə baxmayaraq, onun uyumadığını bilirdi, sərhəddən gələn xəbəri o da duymuşdu: ”Rəşid əmin öldü deyirlər, bomba tam yanında partlamış. Allah rəhmət eləsin.” Rəşid əmi ölmüşdü, Tuğrul ölmüşdü, Leyla ölmüşdü, atası ölümün pəncəsindəydi. Öldü deyirlər birinin arxasınca. Bir ömrü dörd hərf, bir kəlməyə sığışdırırdılar. Rəşid əmi kimi dağ boyda adamı dörd hərfə sığışdırdılar. Artıq Sürəyyə yaxınlarını itirib, o tək kəlməni söyləməliydi... Onun atası ölməmişdi bəlkə, amma bunun üçün özünü xoşbəxt saya bilmirdi, çünki hər gün Rəşidin uşaqlarını gördükdə onlara qarşı günah hissi içindən keçirdi. Onların ataları ölmüşdü, Sürəyyəninki isə yaşayırdı.
Rəşidin xəbəri sərhəddən gələn son ölüm xəbəri olmadı, hər gün yeni ölüm xəbərləri bu yollardan keçib evlərə girirdi. Turğut müəllim ölənlərə ”şəhid” deyirdi.
–Şəhidlik bir insanın vətəni, xalqı, azadlığı uğrunda canını verməsidir, – demişdi müəllim, ardından da, – şəhidlik ən şərəfli ölümdür deyə artırmışdı.
Sürəyyə ilk dəfə olaraq onun dediklırini qəbul etmək istəmirdi. Ona görə ölümün adı yoxdur. Sevdikləri üçün şərəfli bir ölüm istəmirdi o, sadəcə, yaşamalarını istəyirdi.
–Öldükdən sonra ”şəhid” ya da ”ölü” demənin nə mənası var, müəllim? – etiraz etdi.
Turğut müəllim kiçik qızın içində sanki yaşlı bir qadın görmüşdü. İçində onu bu hala gətirənlərə lənət oxuyurdu.
–Savaş, savaşı başladanların günahıdır, qızım. Bu halda bizə qalan, ya qorxaq kimi yaşamaq, ya da şərəflə ölməkdir.
Bu cavabdan sonra Sürəyyə bəzi soruların cavabını tapdı.
Atası, Rəşid əmisi, Turğut müəllim nədən rahat yaşamaq yerinə isti evlərini tərk edib sərhəddə getmişdilər? Nədən düşmənlə qarşı-qarşıya gəlib ölümü gözə almışdılar? Sonra atasının getmədən öncə anlatdığı ”Qızıl balığın nağılı”nı xatırladı. Hər şeyi dərk edirdi artıq. Nə demək istəmişdi bu nağılla atası, getmədən öncə uşaqlarına nəyi göstərmək, nəyi anlatmaq istəmişdi, artıq bilirdi. Turğut müəllimin dediyi kimi, savaş savaşı başladanların günahıdır, bu günahın zərbəsi ən çox uşaqlara dəydi. Tuğrul, Leyla kimi kiçik uşaqlara. Və savaş doymadı, Turğul ölüncə doymadı, Leyla ölüncə doymadı. Aclıqdan qudurmuş bir əjdahaydı və atəş püskürürdü insanların üzərinə.
Qızlar bütün gecəni ağlamış, susmaq bilməmişdi. Gecədən bəri oyaq qalan Dilbər bir anda aləmi bürüyən atəş səsləri ilə bağıraraq körpəni beşiyinə buraxdı.
Qışın ortasında bir sabah idi. Göy üzü qaranlıqdan, yer üzü ona üsyan edəcək qədər bəmbəyazdı. Bu sabah o günədək açılan sabahların ən qanlısıydı. Əjdaha acdı, uşaqlarsa müdafiəsiz.
–Adil, Sürəyya, Fəridə, qalxın! Oyanın! Qalx, Solmaz! – dəli kimi bağırırdı. Hamısı eyni otaqda yatan uşaqlar oyanmışdı.
–İlham, geyin tez! Fəridə geyin, qaç ananı da geyindir! Sürəyyə-ə-ə! – Bağıra-bağıra Nübarı və Adili geyindirdi. Köksündən boynuna doğru qalxan bir sıcaqlıq onu təcili hərəkət etməsini əngəlləyirdi. Belə zamanlarda insanın beyni durur, düşünə bilmir. Amma Dilbərin beyni o an özündən xəbərsiz bir sual sordu ondan. Bu dəfə nə edəcəyik?
–Rəna! İlham ananın ayaqqabılarını geydir! Tez ol!
Öncə Nübarı və Adili qucağına aldı. Sonra o qarışıqlıq içində bir neçə saniyə durdu və uşaqları yerə buraxdı. Ocaq başına yüyürüb ordan bir bıçağı qapdı və otağa dönüb yataq üstündən bir böyük parça kəsdi. Otağa keçib beşikdə ağlayan uşağı götürdü. Sürəyyə ilə birlikdə onu kürəyinə sarıdı. Bir insan belə bir halda iki dəfə qalsa nə edər? Böyük ehtimalla yenə bir uşağı digərinə fəda edər. Amma bir ana iki dəfə evlad acısını yaşamayacağına qərar verdi. Ya hamısı öləcəkdi, ya da hamısı qurtulacaqdı.
”Ölüm” və ”həyat”! Lüğətlərdə bir-birinin tərsi olan bu kəlmələri o gün incə bir xətt ayırırdı. Elə yaxın idilər ki bir-birlərinə, nə ölüm səssizlikdi, nə həyat nəfəs alıb-verməkdi. Bağça qapısından çıxdılar. Bundan sonra hər addım onları həyata doğru yaxınlaşdırırdı. Bayırda adamlar vardı, kimisi uşağını, kimisi anasını itirmişdi. Amma kimsə durub kimsəni axtarmırdı, vaxt yoxdu. Hamı dağın o biri tərəfinə doğru qaçırdı, bir adamdan başqa. Rəna bayıra çıxdıqdan sonra dağa doğru deyil, sərhəddə doğru yürüməyə başladı.
–Rəna, dur, dayan! – Dilbər arxasından bağırdı. Fəridə və İlham ətəklərindən yapışıb onu dağa doğru çəkirdilər. Ancaq Rəna durmadı.
Onun üzündə xəfif bir təbəssüm vardı, bu təbəssüm onun illərdən bəri ölümü arzuladığını göstərirdi. Sürəyyə Dilbərdən ayrılıb Rənaya doğru yüyürdü. Fəridə və İlhamın əllərini onun ətəyindən ayırdı. Analarının gəlməyəcəyini anlayan uşaqlar təslim olmuşlardı. Qaçırdılar qırmızı qarın üstündə. O gün göy üzü də, yür üzü də qırmızıydı. Bağırtılar və gözyaşları güllə səslərinə itib batırdı.
Mən Alov İnanna! Ərəfsə kəndindən qaçan Dilbərin kiçik qızı Qızların nəvəsiyəm. Mənim varlıq hekayəm ölümlə həyatın bir-birinə ən çox yaxınlaşdığı, yerin, göyün qırmızıya boyandığı o gecədən başlayır. Mən Səlim babamın nağıllarındakı o qızıl balığın öz qanı bahasına qoruduğu evladam. Böyüdüm, o qızıl balığın özü oldum. Mənim qədərim bu sularda üzərək başladı və mənim qədərimdə durmaq yoxdur.