NİFRƏT

( Hekayə)
Xocalıda öldürülən körpələrimizə ithaf edirəm.
Qulaqlarını tutub var gücü ilə qaçırdı.Qorxudan qaçırdı, yoxsa bu səsi eşitməmək üçün qaçırdı, özü də bilmirdi. Uşaq ağlı bunu ayırd edə bilmirdi. Elə ağlaya- ağlaya qaçırdı .Hərdən də
" bacı", " bacı" deyə hönkürürdü. Ayaqyalın idi.Heç xatırlamırdı evdən çıxanda ayaqqabısını geyinmişdi , ya yox. Bircə o yadındadı ki, atası pufərək qapını açıb, içəri girib " qaçın" dedi. Anası besikdəki körpənin yanına qaçdığını gördü, on üç yaşlı bacısı isə onun əlindən yapışıb evdən necə çıxdılar özləri də bilmədilər. Hər yeri uğultu, fəryad , qışqırıq səsi bürümüşdü. Tankların vahiməli , gurultulu səsi avtomat silahlarının səsinə qarışmışdı...
Bacısı onun toppuş, balaca əllərini qeyri- ixtiyari elə bərk- bərk sıxıb qaçırdı ki, az qalırdı əli qopsun. Addımları bacısından geri qaldıqca " qaqa, qaç", " qaqa, qaç"- deyə o, səssizcə yalvarırdı. Ona görə elə yavaşca deyirdi ki, birdən onların səsini düşmənlər eşidər. Daha bilmirdilər ki, bu qorxu, dəhşət dolu səsləri ətrafı bürüyən ölüm səsi udurdu...
Meşənin içi ilə qaçırdılar. Dizdən yuxarıya qədər olan qarı necə yarırdılar, üzlərini, qollarını, sinələrini cıran kol- kosu, ağacların budaqlarını nə görür, nə də hiss edirdilər. Heç bu sazaqda, qılınc kimi kəsən şaxtada belə üşümürdülər.Alınlarından axan puçur- puçur tər damlaları az qala sinəsini yarıb çıxmaq istəyən ürəklərinin üstünə damlayırdı...
Qəfildən, göydən düsmə kimi dörd saqqallı, vəhşi görkəmli , yekəpər silahlı qarşılarında peyda oldu. Bacı - qardaş onları görcək ozlərini itirdilər, yerlərində quruyub qaldılar. Qorxudan tir- tir əsməyə başladılar. Qaçdıqlarına təngənəfəs olmuşdular. Ürəkləri az qala ağızlarından çıxacaqdı. Sazaqdan yanaqları al- qırmızı rəngə boyanmışdı. Bacısının bası açıq olduğundan uzun, qıvrım saçları kürəyinə, boynuna dağılmışdı.Qulaqlarının yanından sallanan qardan islanmış qəhvəyi saçlarının buruqlarından balaca buzlar sallanırdı. Pörtmüs yanaqları , soyuqdan goyərmiş dodaqları qorxudan titrəyir, iri, ala ,gözəl gözləri az qala həyəcandan hədağadan çıxacaqdı.
Vahiməli saqqallıların baxışları sikar görən ac vəhşi heyvan kimi parladı. Bir az da onlara yaxınlaşdılar. Bacı - qardaşın bayaqdan şaxtanın və sazağın təsirindən allanan yanaqları və üzləri qorxudan ağappaq olmuşdu. Qız bərk- bərk yapısdığı qardaşının əllərini yavaşca buraxdı və onu hiss olunmaz şəkildə itələdi, pıçıltı ilə " qaqa, qaç" söylədi. Oğlan yerindən tərpəndi. Sonra nə düşündüsə dayanıb bacısına baxdı. Bacısının bir gözü ermənilərdə, bir gözü qardaşında " qaç, qaç" bağırdı. Özü də sanki bu dörd cəlladın əlindən qurtula biləcək kimi qaçmağa səy göstərdi. Gobud, çirkli ,yekəpər bir əl onun ipək kimi qıvrım saçlarından yapışdı...
Uşaq bunu görüb var gücü ilə qaçmağa başladı. Onların diqqəti qızda olduğundan balaca oğlana fikir vermədilər.
Beş yaşlı oğlan ağlaya - ağlaya qaçırdı. Bacısınin tükürpədici fəryadı, bağırtı səsi isə meşədə əks- səda verirdi...
Xeyli qaçmısdi ki, birdən dayandı. Daha bacısının səsi eşidilmirdi. Uzadan güllə səsləri və tankların gurultusu duyulurdu və bir də ona elə gəldi ki, bütün meşə inildəyir. Bayaqdan soyuq hiss etməyən uşaq üşüməyə başladı. Tir- tir əsirdi. Yerindəcə donub qalmışdı. Səs eşidib başını qaldırdı. Bayaqkı erməni silahlıları idi. Ona baxıb halına gülürdülər. Azərbaycan dilində- elə bildin bizdən qaça biləcəksən ,türk balası? - biri soylədi.Tanıdı onu. Bacısının saçlarından tutan erməni idi. Tez yerə baxdı. Daşdan, çubuqdan bir şey tapıb ona vurmaq istədi. Amma hər yer qarla ortülmüşdu. Onun niyyətini anlayan erməni silahlılari ucadan qəh- qəh çəkib gülməyə başladılar. Uşaq qəzəb və nifrətlə onlara baxdı. Gözlərində o qədər nifrət var idi ki, ermənilər bir an gülüşlərini dayandırıb uşağı süzdülər. O, isə balaca toppus əllərini sıxıb , yumruqlarını düyünləyib , ucadan- atam sizi öldürəcək - deyib üstlərinə cumdu. Avtomatdan açılan güllə onu dayandırdı.Bir anda elə bil ətrafda al- qırmızı güllər açıldı...
Qaranlıq düşmüşdü. Amma qarın bəyazlığı ətrafı süd rənginə bələmişdi...
ZƏHRA SƏFƏRALIQIZI