Bakı Weather --°C
|

Şəhid Kərimov Ceyhunun və qardaşı Hilal Allahverdi oğlunun əziz xatirəsinə

04.02.2026 09:35 | 6
Ucaldın qəhrəman tək,
Tarixdə adın qaldı,
Torpaqdan baş qaldırıb şəhidliyə ucaldın.
Qanının hər damlası yazdı tarixdə bir iz,
Əbədiyyət yolunda nur oldun bu Vətənə.
Bu günlərdə biz Azərbaycan torpağı uğrunda 
anlarından keçmiş qəhrəman qardaşlar – Ceyhun və Hilal Kərimovların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların fədakarlığı, igidliyi və Vətən sevgisi xalqımızın qəlbində əbədi yaşayacaq, gələcək nəsillərə örnək olacaqdır.
Ceyhun Kərimov 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdur. Uşaqlıqdan çalışqan, zəkalı və mərhəmətli bir uşaq olan Ceyhun Ağdam şəhər 6 nömrəli məktəbdə təhsil almış, sonradan Sənaye Neft-Kimya İnstitutuna qəbul olunmuşdur. Lakin Vətən ağır günlərdə çağırış edəndə o, təhsilini dayandıraraq könüllü şəkildə müharibəyə qatılmışdır.
Ceyhun Kərimov yalnız cəsur döyüşçü deyil, eyni zamanda nümunəvi rəhbər, silahdaşlarına dayaq olan, ruh verən kəşfiyyatçı idi. O, düşmənin mövqelərini izləyərək mühüm məlumatları arxa cəbhəyə ötürmüş, bir neçə tank və piyada texnikasının məhv edilməsində iştirak etmişdir.
12 əsgərlə birlikdə 4 saat ərzində Mərzili kəndini qorumuşdur. Yaralı komandirini xilas edərkən Ceyhun özü ağır yaralanmış və şəhidlik zirvəsinə ucalmışdır. Xilas etdiyi komandir Telman İbrahimovdur və hazırda sağdır.
Ceyhun Kərimov 1993-cü il yanvarın 25-də Ağdamın Qara Qaya döyüşündə qəhrəmancasına şəhid olmuşdur. Onun göstərdiyi igidlik və vətənpərvərlik nümunəsinə görə Ağdam şəhər 6 nömrəli məktəbinə Ceyhun Kərimovun adı verilmişdir. O, həm fiziki cəsarəti, həm də yüksək mənəvi keyfiyyətləri ilə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.
Hilal Kərimov 1971-ci ildə Ağdam şəhərində anadan olmuşdur. O da gənc yaşlarından Vətəninə sadiq, cəsur və qorxmaz bir döyüşçü kimi tanınmışdır. Hilal əvvəlcə Allahverdi Bağırovun batalyonunda, daha sonra Ala Yaqub (Yaqub Rzayev) dəstəsində, ardınca isə Şirin Mirzəyev batalyonunda xidmət edərək Azərbaycanın ərazi bütövlüyünün qorunmasında fəal iştirak etmişdir. O, döyüşlərdə göstərdiyi cəsurluq və fədakarlıqla silahdaşlarının hörmətini qazanmışdır. Təəssüf ki, 1996-cı ildə baş verən qəza nəticəsində dünyasını dəyişmişdir.
Bu iki qəhrəman qardaşın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq təkcə tarixdə deyil, həm də qəlblərdə silinməz iz buraxmışdır.
Ucaldın qəhrəman tək,
Tarixdə adın qaldı,
Torpaqdan baş qaldırıb şəhidliyə ucaldın.
Qanının hər damlası yazdı tarixdə bir iz,
Əbədiyyət yolunda nur oldun bu Vətənə.
Şan-şöhrətin yayıldı ellərə, obalara,
İgid adın düşmüşdür dillərə, dastanlara.
Gül-çiçəklə yazıldı adın məzar daşına:
Şəhid, ruhun şad olsun — Vətən var olsun, yaşa!
Qanla sulanmış yerdə çiçək açdı məzarın,
Zirvələrdən görünür ruhun — şanlı bayrağın.
Sipər oldun çətində yurdumun ocağına,
Unutmaz səni Vətən, ucaldıqca soyadın.
Bir ana sinəsində iki oğul nisgili,
Rəxşəndə ana çəkdi Vətənin ağır yükün.
Ceyhun, Hilal — iki nur, iki müqəddəs bir can,
Bu xalqın yaddaşında əbədi yaşayarsan.
Tədbirlərdə və anım günlərində bütün şəhid anaları ilə birlikdə daim iştirak edən Rəxşəndə anaya yazdığım şeirlə təsəlli verərək deyirik:
Şükürlər olsun ki, Vətən torpaqları – Ağdam və bütün ərazilərimiz düşməndən azad olunub. Şəhidlərimizin ruhu şaddır. Onların fədakarlığı gələcək nəsillərə əbədi örnəkdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir versin.
Vətən sağ olsun! Torpaq azad olsun!
Rauf İlyasoğlu,
" Həkəri" qəzetinin baş redaktoru.

Daha çox xəbər