"20-Yanvar" adlı qəhrəmanlıq tariximizdən 36 il ötür

Sanki dünən olmusdu kimi gəlir mənə. Çünkü canli və aktiv sahidi olan bir fərd kimi hər zaman yadımdadır o gecə. O da ola ildönümü vaxtlarında.
"20-yanvar" iki əsr boyunca işgəncə və məhrumiyyətlər altında yaşamaq məcburiyyətində olan xalqımızın 38 il öncə, 1988-ci ildə oyanmış milli ruhunun qanlı da olsa zəfər təntənəsi idi.
O gecə milyonlarla Azərbaycan vətəndaşının zalimə və zülmə etirazının dünyaya səs salan hayqırtısı idi.
Bu günkü müstəqilliyimizin geridönməzliyinin və inamla irəli addımlamağının təkan gecəsi idi.
Bütün Azərbaycan ayaqda, təlaşda olsa da, dərdinə çarəni özündə tapmağın qeyrətində idi.
Mərkəz Bakımız və digər bölgələrimiz sovetlər imperiyasının hərbi təcavüzünə məruz qalsa da, yüzlərlə dinc etirazçı qətlə yetirilsə də, qan su yerinə axsa da azadlıq eşqiylə alısıb-yanan Azərbaycan xalqı qəhrəmanlıq tarixinə daha bir salnamə yazdı o gecə.
Həmin gecə işlədiyim Moskvaya tabe "Cənubgeofizika" ETİ tərəfindən rəsmi olaraq, qolumda fərqləndirici sarğı bir necə yoldaşla "Şamaxılı" adlanan yerdə, indiki "Alov" zavodunun önü, şəhərə daxil olan və çıxan nəqliyyat vasitələrinə nəzarət edirdim.
Baxmayaraq ki, əksəriyyəti rusiya nömrəli iri maşınlarla yolu baglamış olsaq da, 23:45-də zirehli hərbi döyüş texnikası yola düzdüyumüz masınları kənarlara sıxışdıraraq, tüstülü şaşkidən sonra ətrafa atəş aça-aça şəhərə daxil olmağa başladılar. Əslində tankın və digər hərbi texnikanın nəyə qadir olduğunu bilsək də, elə bir azğınlığı gözləmirdik.
O zaman qürurverici bir hadisənin, "Alatava" tərəfdən bir dəmir şassili "ZİL" markalı avtomobilin yüksək sürətlə şəhərə daxil olan həbi konvoyun üzərinə şığıdının sahidi olmuşam. O maşına dörd tərəfdən yaylım atəşı açılsa da, sonra məlum oldu o qəhrəman sürücü yungül xəsarətlə sağ qalıbmış. O sürücünün addımı şücaət və qəhrəmanlıq nümunəsi idi.
"20-Yanvar"-ın simvoluna cevrilmiş "Zaporojye" avtomobilinin tank tərəfindən tapdalanaraq yerə yapısdırılması hadisəsi mənim gözlərim qarşısında baş verib.
Bu və buna bənzər hadisələrin şahidi olmaq məndə bir daha xalqıma olan sevgi və ehtiramı daha da bərkitdi.
Etiraf etməliyəm ki, hər zaman "20-Yanvar"da şəhid olmadığıma təəssüf edirəm. Nə etməli, qismət olmadı.
"20-Yanvar" təxminən dünyanın yarısını nəzarətində saxlayan SSRİ adında nəhəng bir imperiyanın süqutuna çox ciddi səbəb olan bir tarixi hadisədir.
"20-Yanvar" varlığımıza qandal olan əsarət zəncirinin parçalanan günüdür.
"20-Yanvar" xalqımızın qəhramanlıq günüdür!
Milli ruhumuzun oyanış günüdür.
Azad və xoşbəxt gələcəyə aparan yolumuzun başlanğıc günüdür!
"20-Yanvar" günündə şəhidlik zirvəsinə ucalan vətəndaşlarımızı hörmət və ehtiramla anıram.
RUHLARINA EHTİRAMLI SALAMLAR OLSUN!!
YAŞASIN AZƏRBAYCAN!!