Bakı Weather --°C
|

"Bəxt üzüyü" filmi 35 YAŞINDA: “Qoymayın ayə, üstümə İrasim gəlir..." - Bir filmin TARİXÇƏSİ

12.01.2026 15:27 | 14

Bizi 35 ildir güldürə-güldürə kədərləndirən komediya filmi: “Bəxt üzüyü”


Hazırda Azərbaycanda elə adam tapa bilməzsən ki, “Bəxt üzüyü” filminin adı çəkiləndə gülümsəməsin.


Bəxt üzüyü tammetrajlı bədii filminin bu il yubiley ilidir və 35 yaşı tamamdır.


Komediyanı dərindən bilən, yumor hissi güclü olan rejissor Ramiz Əzizbəyli Vaqif Səmədoğlunun eyni adlı pyesini 1991-ci ildə ekranlaşdırır .


Amma onu da xatırladaq ki, pyes o vaxta qədər artıq Şəki və Sumqayıt teatrlarında səhnəyə qoyulduğu üçün tamaşaçı mövzunu bilirdi və tamaşaçının bildiyi bir əsəri ekrana gətirmək və onu qəbul etdirmək böyük risq idi.


Filmin sponsoru “Qaraqaya”Assosiyasının prezidenti Sədrəddin Daşdəmirov olub. Film "Qara Qaya film" studiyasında istehsal ediləndən və ilk göstərimə girəndən sonra ən sevilən komediya filmi kimi sevildi.


Təsəvvür edin ki, 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə mükafat verildi.


Film niyə sevildi?


Filmin sevilməsinin bir neçə səbəbini oxucularımız üçün açıqlamaq istəyirik. Birinci səbəb o idi ki, filmin rejissoru da, ssenari müəllifləri də (Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu) əsərin müəllifi də ( Vaqif Səmədoğlu) , bəstəkarı da ( Eldar Mansurov) öz işinin peşəkarları idi.Bir sözlə, çəkiliş truppasına daxil edilmiş quruluşçu operatordan tutmuş filmin direktoruna qədər hər kəs öz istedadına görə respublikada tanınmış , öz peşəsinin ustaları idi.


İkinci səbəb isə truppaya daxil edilən aktyor və aktrisaları bu filmə qədər tanınırdılar və sevilirdilər. Afaq Bəşirqızı (Söylü), Valeh Kərimov ( Moşu), Gülşad Baxşıyeva ( Sara), Ayşad Məmmədov (Hüseyn), Firəngiz Rəhimbəyli (Sevda), Nəsir Sadıqzadə (Tanrıbəy) və Rafael Dadaşov(Rasim), Cahangir Novruzov ( milis rəisi), Arif Quliyev (milis nəfəri), Muxtar Maniyev ( Zırpı) bu filmdə də tamaşaçının ürəyinə girməyi bacardılar.


Üçüncü, bəlkə də elə əvvəlki səbəblər qədər önəmli olan üçüncü səbəb isə xalqın içdən gülməyə, başının üstündə gəzən problemləri unutmağa ehtiyacından yarandı. Fimin çəkilməsi sovet ordusunun 20 yanvar faciəsinin ölkəni matəmə qərq etdiyi, ekrana çıxması isə bu faciəədən bir il sonra baş tutdu. Bəli, belə bir vaxtda komediya haqqında düşünmək, komediya filmi çəkmək böyük cəsarət, güc tələb edirdi.


İnsanlar bir il müddətinə yaşadığı faciəsinə yanaraq ağlamış , dərd çəkmiş, düşmən qüvvələri isə nifrətlə yad edirdi. Həmçinin artıq sovetlər birliyinin dağılması nəinki sovet məkanında elə dünyada da çaş -başlıq yaradırdı. Buna baxmayaraq , birliyin tərkibində olan respublikaların öz müstəqilliyi uğrunda mübarizə apararaq nəhayət azadlığı əldə etdiyi ilə təsadüf edir. Bütün bu problemlərin arasında bu film ölkəmizin insanlarını gülümsətməyi bacardı.

Daha çox xəbər