Bakı Weather --°C
|

Zemfira Məhərrəmli – hazırkı çağımızın işıqlı Obrazı

12.01.2026 08:43 | 9

Etiraf edək ki, insan Allahın gizli-pünhan saxladığı xilqətlərdən biridir; Allahdan gəldiyi üçün müəyyən mənada Allaha bənzər...

Ağlın qavradığı gerçəklər də tam bitkin insanın təqdir edə biləcəyi zəmindir. Anlamaq fəhmi olanlar üçün ağıl beyinlə duyğu arasında sosial keçiddir; o, daxili təmasın çırpıntıya məruz qoyduğu bütün hərəkətləri doğru-dürüst idarə edir...

Nə xoş ki, biz uzun illərdir bu prosesi tədqiqat obyekti kimi hədəf etmişik, araşdırmalarımız insan haqqında inanılmaz – misilsiz gerçəklər ehtiva edib...

Bu yazıda da batini mənasını, zahiri səbəbini və insan faktını dürüstcə ifadə edən ziyalımız – yazıçı-publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli şəxsiyyəti və yaradıcılığı haqqında qısa təfərrüata varmaq, onu elə əsl insan kimi təqdir etmək cəhdindəyik...

Bəlli ki, ali insan olmaq üçün nəfsi boğmaq, onu məhrumiyyətə düçar etmək şərtdir. Şübhəsiz, Zemfira Məhərrəmli bu fəhmdə daha müqabildir deyə ali rütbədədir. Onun fərasəti Sözdür, Qələmdir. Uca Söz də ona insanlıq şərəfi verib...

Zemfira xanım həyatda da, yaradıcılıqda da fərdləri ayırd edə bilir. Sual oluna bilər: Necə? Məsələn, o, “Arabadakı adam” romanında əsas obrazlardan biri Qarabağ qazisi Kənanı cəmiyyətə əsl fərd kimi təqdim edir, onun Vətən və namus uğrundakı şücaətini misilsiz sanır.

Yaxud Zemfira xanım “Ümid işığı”ndakı Yalçını və Nərgizi, xüsusən də Nərgizi bizə elə əsl fərdlər kimi tanıdır, bizi həyatın təkcə var-dövlət üzərində bərqərar olmadığına inandırır. Biz burada Nərgizi daha çox alqışlayır, onun insan-fərd davranış və düşüncəsindən çox məna əxz edirik.

Bu mənada, Zemfira xanım insana - obraza rəğbətdə daim müsbət, dəyişməzdir. Bilir ki, yalnız anlamaq bacarığı olanlar Allahda qərar tuturlar...

Zemfira Məhərrəmli, görə bilənlər üçün boyundan 100 dəfə böyük ziyalıdır. Onun iti fəhmi minlərlə kilometr uzaqları “yandırıb-yaxır”. Bu odun qarsdığı yerlərdə ancaq su saflığı olar, pak duyğular şahə qalxar, möhkəm təməllər sezilər...

İşıq hesab etdiyimiz Zemfira xanım yaddaşa möhür vuran qələm sahibi, işıqlı əsərlər müəllifidir. Səs-küy, yersiz eksperimentlərdən uzaqdır, əsərləri sırf xalq yazı dilindədir, xalq yazı ruhu ilə həmahəngdir. Əbəs yerə deyil ki, bu əsərlər mədəniyyət xəzinəmizə dəyərli töhfələrdir; orada həyat da, insan da, ətraf aləm də ictimai-ədəbi və elmi gerçək kimi əks edir...

Tam mənası ilə bizə bəllidir ki, onun elm, mətbuat və ədəbiyyat sahəsində diqqət çəkən, alqışa layiq xidmətləri var.

Bir çox əsəri (“Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, “Ömür bitər, yol bitməz...”, “Qarabağ müharibəsi: zərif talelər”, “Analıq haqqı”, “Oyuncaq”, “Arabadakı adam” və s.) quruluş, məna özəllikləri, məzmun sərrastlığı, ictimai reallığı ilə aşkar fərqlənir, bu əsərlərin çoxu həm də dramatik səhnələrlə zəngindir.

Əslində, Zemfira xanımın kitablarında əsas məğz müəllifin insan, kainat və yaradılış konteksti üzrə mümkün mülahizələr vermək cəhdidir.

Ən əsası, bu kitablarda o, həyatın, insanın və gerçəklərin fəlsəfi təmasını çatdırmağa çalışır. Gəldiyi qənaətlər də bəlli ki, onun müəllif olaraq əsas ədəbi qayəsi kimi məna tapır...

Nə xoş ki, Zemfira xanımın fəhmi ilə yaranmış əsərlər - roman, povest, hekayələr, esselər, mənsur şeirlər... milli-mədəni varlığımızın tərkib hissəsinə, yaddaşımızın silinməz izlərinə çevrilib...

Zemfira xanımın diqtəsində ədəbi qayə hadisələrə ayıq baxışdır. Burada həyatın hər anı xüsusi ləngərdədir. Belə deyək, o, işığın içində görünən ilğımlar kimi zahiri çırpınmalara məruz qalarkən duyğu qatarını çox ehtiyatla hərəkətə gətirir, hislərini oxucunun qavrayacağı şəkildə cilalayır. Bununla da ədəbi kontekstləri əhatəsiz oblastlardan gen tutur...

Hörmətli yazıçımızın daha çox “Döyüşə qızlar gedir”, “Ötür durna qatarı”, “Qırx qız dastanı” və “Arabadakı adam” kitablarında bədii səmt aydın, mənada təlatüm edən proses bir qədər əhatəlidir. Belə deyək, bu kitablarda mövzu əsasən ölkəmizə bağlılıq, Qarabağa - tarixi torpaqlarımıza sevgi, Vətən və insana aid arzulardır. Ancaq Zemfira xanım bu ədəbi prosesləri elə qloballaşdırıb ki, oxucu, digər yazıçıların əsərlərində isbatına müvəffəq olduğu halları burada daha geniş səmtdə görür, təsəvvürünə sığışdırdığını anlaya bilmək üçün səmərəli düşünmək məcburiyyətində qalır. Əlbəttə, bu, onun həm zehnini açır, həm də ona çətin situasiyalardan məna əxz etmək bacarığı verir...

Dediklərimizin fərqinə vara bilmək üçün adi bir nüansa diqqət yetirək: Qızların da döyüşə getməsi faciə deyil, bu, bəlli ki, Vətən sevgisindən, torpağa bağlılıqdan, daha önəmlisi, milli köklərdən qaynaqlanır... Ancaq oxucu müharibə və zərif cinsin nümayəndəsi fonunda əsərdə bir neçə səbəb axtarır: savaş, Vətən uğrunda haqlı cihad kişilərin üzərində vəzifə və məsuliyyətdir. Bəs qızları buna nə sövq edir? Hərbi gücün tükənməsi, sevgi hissinin qadında daha güclü olması, yoxsa ayrı bir təfərrüat?

Bu, bizim özümüzə də ətraflı düşünmək fürsəti verir...

Bax, bu kimi səciyyələr Zemfira xanımın əsərlərini fərqli edir, daha çox sevdirir...

Yaddaşımızın İşıq Obrazı, qələmi ilə könül dünyamızı fəth edən, təşnə qəlbimizi Sözün işığı ilə doyuran Zemfira Məhərrəmli ağır ləngərlə ömrünün 70-ci mərtəbəsinə çatıb. Xoşbəxtdir ki, bu göydələndən yaxına-uzağa rahat baxa bilir. Nəfslə təmas qurmadığı üçün çiyinlərindəki yük yalnız özünə, ailəsinə, ədəbiyyata və mətbuata aid qayğılardır...

70-in Zemfirası indi bizə bəlli – hazırkı çağımızın işıqlı Obrazıdır. Biz onu özümüzə örnək bilir, mahiyyəti bəlli bir təməl hesab edirik.

Elə əlamətdar yubileyi münasibətilə hazırlanmış kitabda da Zemfira Məhərrəmli parlaq İşıq – müsbət Obrazdır...

Hikmət Məlikzadə,

şair-publisist

Daha çox xəbər