Bakı Weather --°C
|

Makron üçün kritik an: Büdcə qəbul olunmasa, parlament buraxıla bilər

10.09.2026 18:00 | 0

[center]Makron üçün kritik an: Büdcə qəbul olunmasa, parlament buraxıla bilər[/center]
Fransa hökuməti 2027-ci il dövlət büdcəsi ilə bağlı müzakirələrin uğursuz nəticələnəcəyi təqdirdə Milli Assambleyanın buraxılması ssenarisini nəzərdən keçirir.

Bu barədə “Europe 1” radiosu məlumat yayıb.

Məlumata görə, parlament 2027-ci il büdcəsini qəbul edə bilməsə və Baş nazir Sebastyan Lekornu vəzifəsindən kənarlaşdırılsa, Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxa bilər.

“Europe 1” bunun hələlik yalnız mümkün ssenari olduğunu və Yelisey Sarayının prezidentə yaxın çevrəsinin bu məlumatı təkzib etdiyini bildirir. Bununla belə, hökumətin Lekornunun istefası və ya vəzifədən kənarlaşdırılması halında parlamentin yenidən buraxılması ehtimalını açıq şəkildə müzakirə etdiyi qeyd olunur.

Hüquqi baxımdan Makronun belə bir addım atmaq imkanı var. Çünki Milli Assambleyanın sonuncu dəfə buraxılmasından bir ildən çox vaxt keçib.

Lakin “Europe 1” qeyd edir ki, bu qərar parlamentdə daha mürəkkəb siyasi vəziyyətin yaranmasına səbəb ola, eyni zamanda 2027-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi təsir göstərə bilər.

Radiostansiyanın məlumatına görə, belə bir ssenaridə prezidentliyə namizədlər gələcək siyasi ittifaqlar barədə əvvəlcədən razılığa gəlməli ola bilərlər. Bundan əlavə, prezident seçkilərindən sonra bir il ərzində Milli Assambleyanın yenidən buraxılması mümkün olmayacaq.

“Europe 1” yazır ki, belə bir addım Makronun seçkilərdən sonra prezident postunu tutacaq varisinin qarşısında parlamentin tərkibini faktiki olaraq müəyyənləşdirə bilər. Bu isə parlament seçkilərinin prezident seçkilərinin ilk turu ilə eyni vaxtda keçirilməsi və nəticədə onların prezident seçkilərinin bir növ davamına çevrilməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, “Le Figaro” qəzeti də iyun ayında Makronun yaxın çevrəsində Milli Assambleyanın buraxılması və parlament seçkilərinin prezident seçkiləri ilə eyni vaxtda keçirilməsi ssenarisinin müzakirə edildiyini yazmışdı.

Qəzetin mənbələrindən birinin sözlərinə görə, belə bir addım Makronun varisinin parlament seçkilərinin vaxtını müstəqil şəkildə müəyyənləşdirməsinin qarşısını almaq və hazırkı prezidentə səlahiyyət müddətinin sonuna qədər siyasi proseslərə nəzarət etmək imkanı vermək məqsədi daşıya bilər.

Daha çox xəbər