İmişlidə sonu görünməyən torpaq mübahisəsi...

Qarabağ qazisi ailəsinə ev tikmək üçün öz kəndindən torpaq ala bilmir
İmişlinin Qaralar kəndində yaşayan Xudiyev Kamisar Tarverdi oğlu Tovuz hadisəsindən sonra Orduya yazılıb və 44 günlük Vətən müharibəsində könüllü oaraq iştirak edib. Müharibədə xəsarət alaraq sağlamlığını qismən itirib. Amma hazırda onu xəstəliyin verdiyi ağrı və iztirablardan çox, üzləşdiyi haqsızlıqlar incidir.
Bələdiyyə öz qərarını icra edə bilmir
K. Xudiyev ailəlidir, bir azyaşlı övladı var. O, Ordudan tərxis olunandan sonra ailəsinə ev tikmək üçün 12 sot həyətyanı, kommersiya obyekti yaratmaq üçün 25 kvadrat metr sahibkarlıq təyinatlı torpaq sahəsi əldə etmək istəyib. Uzun müddət kənd bələdiyyələrindən müsbət cavab ala bilməyən vətəndaş, yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edərək onlardan kömək istəyib. Dediyinə görə 500-dən çox məktub yazıb.
Bu təsirlər nəticəsində nəhayət ötən ilin sonlarında bələdiyyə vətəndaşa torpaq sahəsi ayrılması barədə qərar çıxarıb. Amma məlum olub ki, bu qərarı icra etmək mümkün deyil: ona bələdiyyənin perspektiv inkişaf fondundan torpaq sahəsi ayrılıb, həmin yer isə bütövlükdə kəndin imkanlı sakini tərəfindən zəbt olunub...
Kamisar Xudiyev deyir ki, həm keçmiş, həm də indiki bələdiyyə sədri məhz buna görə ona torpaq ayırmaq istəməyib:
“Çünki gənc ailələrə ayrılacaq yerlərin hamısı bir nəfər tərəfindən tutulub. Mən “tutulub” deyirəm, bəlkə də qeyri-rəsmi olaraq yer ona satılıb. Məndə bu şübhəni yaradan odur ki, ötən bu illər ərzində bələdiyyə zəbt olunmuş torpağını geri almaq üçün heç bir tədbir görməyib. İndi də deyirlər ki, ona gücümüz çatmır...”
Monitorinq yeni sorğuya səbəb olub?!
K. Xudiyevin davamlı şikayətindən sonra Qaralar bələdiyyəsinə aid torpaqlarda monitorinq aparılması üçün İmişli regional Ədliyyə İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Sonuncu tərəfindən aparılan araşdırmada mülkyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyə torpağının hasara alınması faktı təsdiqini tapıb. Dövlət Xidməti bununla bağlı səlahiyyətlərinə aid tədbirlər görmələri üçün İmişli rayon İcra Hakimiyyətinə və rayon Polis Şöbəsinə məlumat verib.
Qaralar sakini deyir ki, bundan sonra proses şübhəli məcraya yönəldilib. Bələdiyyə vətəndaşa rəsmi məktubla bildirib ki, torpağı zəbt etmiş şəxs onlara birbaşa müraciət edərək 22 hektarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən “çıxarış” təqdim edib. Lakin dövlət reyestrində bu məlumat aşkarlanmayıb. Buna görə həmin yerin bələdiyyə mülkiyyətinə aid olub-olmaması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilib. İmişli regional Ədliyyə İdarəsi də Qaralar bələdiyyəsinin verdiyi məlumata istinadla bildirib ki, mübahisələndirilən yer həmin şəxsə bələdiyyələr yaranmazdan əvvəl verilib.
Komisar Xudiyev iddia edir ki, zəbt olunmuş ərazi ayrı-ayrı şəxslərin marağı üzündən süni surətdə mübahisələndirilir:
“Məgər bələdiyyə öz torpaqlarıının harada yerləşdiyini hələ də bilmir? Yaxud, Əmlak Məsələləri Dövlət Xidməti monitorinq aparanda müəyyənləşdirməyib ki, torpağın sahibi kimdir? Bunu bilmədən necə demək olardı ki, adam o yeri zəbt edib? Yenidən sorğu verilməsi, ortaya saxta “çıxarış” atılması sadəcə oyundur. Görünür burada kiminsə marağı var və hər vəchlə çalışılır ki, geniş bir ərazidən qanunsuz istifadə müddəti uzadılsın.”
Bələdiyyə sədri: “Sorğuya hələ də aydın cavab ala bilməmişik”
Qaralar bələdiyyəsinin sədri Hacıbaba Cəfərov müharibə veteranı olan həmkəndlisinə kömək etmək istədiyini, lakin bəzi məsələlərin həlinin ondan asılı olmadığını dedi:
“Bələdiyyə öz torpaqlarının harada yerləşdiyini yaxşı bilir. Əlimizdə xəritə də var, müvafiq torpaqayırma aktı da. Bu mübahisədə vətəndaş yox, biz tərəfik. Vətəndaş bizdən 12 sot torpaq istəyir, biz isə zəbt olunmuş on hektarlarla yerimizi geri qaytarmaq üçün çalışırıq. Məndən əvvəlki bələdiyyə sədrləri də buna cəh ediblər, amma nəticə olmayıb. Mübahisə yarananda, buna dövlət qurumları aydınlıq gətirməlidir. Əmlak Məsələləri Dövlət Xidməti göndərdiyimiz sorğuya hələ də aydın cavab verməyib. O cavabı alan kimi lazımi tədbirlər görəcəyik.”
İcra Hakimiyyətinin şübhəli susqunluğu
Kamisar Xudiyev onu da deyir ki, həm fərdi, həm də kəndlərinə keçirdiyi səyyar qəbulda İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə dəfələrlə müraciət edib və qanunsuzluğun aradan qaldırılması üçün səlahiyyəti daxilində səy göstərməyini ondan xahiş edib. Amma bildirir ki, icra başçısı bu məsələ ilə maraqlanmayıb:
“Bələdiyyə torpağının qanunsuz hasara alınması ilə bağlı Əmlak idarəsindən İmişlinin İcra Hakimiyyətinə məktub göndərilib. Amma buna da bir reaksiya yoxdur. Halbuki keçən il İcra Hakimiyyəti xüsusi texnikaları cəlb edərək kəndimizdə kasıb adamlara məxsus qanunsuz kiçik tikililəri uçurrtdurmuşdu. Bu boyda özbaşınalığa münasibətdə isə seyriçi mövqe tutur.”
Vətəndaş baş prokurora da müraciət edir
Kamisar Xudiyev həmçinin vurğulayır ki, bələdiyyə və ədliyyə qurumları dövlət reyestrində qeydə alınmayan “çıxarış” barədə məlumatlı olsalar da, bu barədə müvafiq orqanlara məlumat verməyiblər. Halbuki ortada saxta sənəd tərtib etmə cinayətinin törədilməsinə dair əsaslı şübhə var. Ona görə də o, bu faktın ayrıca araşdırılmasını istəyir:
“Bu sənəd 22 hektarlıq torpaqdan qanunsuz istifadə üçün hüquqi əsas yaradır. Buna görə mən ölkənin baş prokurorundan xahiş edirəm ki, hansı şəraitdə, kimin tərəfindən tərtib olunmağı məlum olmayan və dövlət reyestrində qeydə alınmadığı bildirilən “çıxarış”ın araşdırılması üçün göstəriş versin.”
Azər Əli

