Bakı Weather --°C
|

Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub

08.09.2026 15:34 | 3

[center]Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub[/center]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində “Youth-led Climate Forum” keçirilib.

Tədbirdə gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu, onların qərar qəbuletmə proseslərinə cəlb edilməsi və iqlim öhdəliklərinin real nəticələrə çevrilməsi məsələləri müzakirə olunub.

COP31-in Gənclər üzrə İqlim Çempionu Salli Higgins gənclərin iqlim dəyişiklikləri ilə mübarizədə əsas rol oynadığını bildirib.

Higgins iqlim sahəsində uğurun yalnız götürülən öhdəliklərlə deyil, əldə olunan real nəticələrlə ölçülməli olduğunu deyib.

O qeyd edib ki, COP31-in “gələcək üçün COP” kimi mövqeləndirilməsi gənclərin iqlim siyasətində rolunun artırılması baxımından mühüm fürsət yaradır.

“Gənclər olmadan heç bir iqlim strategiyası uğur qazana bilməz. Çünki dünya əhalisinin yarıdan çoxunun yaşı 35-dən aşağıdır. Biz tarixdəki ən böyük nəsilik və iqlim fəaliyyətini sürətləndirmək üçün ən böyük insan potensialına malikik”, - Higgins vurğulayıb.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev gənclərin iqlim fəaliyyətində rolunun yalnız gələcəklə məhdudlaşmadığını, onların töhfəsinin artıq bu gün əhəmiyyət daşıdığını bildirib.

Muxtar Babayev gəncləri qarşılarında dayanan imkanları düzgün qiymətləndirməyə çağırıb.

“Qarşınızdakı imkanları bilin. Sizin bilikləriniz, ideyalarınız və seçimləriniz gələcəkdə dünyanın formalaşmasında mühüm rol oynayacaq”, – o bildirib.

Muxtar Babayevin sözlərinə görə, hazırda qəbul edilən mühüm qərarlar gənclərin gələcəyinə birbaşa təsir göstərəcək: “Biz iqlim sazişləri üzrə danışıqlar aparır, siyasətlər müəyyən edir və investisiya qərarları qəbul edirik. Nəticədə isə siz bu qərarların formalaşdırdığı dünyanı miras alacaqsınız”.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, gənclər hər bir ölkənin gələcəyi olmaqla yanaşı, tərəqqinin əsas hərəkətverici qüvvələrindən biridir. Onlar cəmiyyətə bilik, innovasiya və yaradıcı enerji gətirirlər.

XİN rəhbərinin müavini bildirib ki, iqlim dəyişmələrinə ən az töhfə verən qruplardan biri uşaqlar və gənclər olsa da, onlar iqlim dəyişmələrinin təsirlərindən ən çox zərər çəkənlər sırasındadır: “Gənclər yalnız bu gün qəbul etdiyimiz qərarların nəticələrini yaşayan tərəf deyillər. Onlar artıq həll yollarının formalaşdırılmasında iştirak edir, innovasiyaları irəli aparır və daha ambisiyalı iqlim fəaliyyətinə çağırış edirlər”.

Yalçın Rəfiyev gənclərin bilik, bacarıq və qərar qəbuletmə proseslərində mənalı iştirak imkanları ilə təmin edilməsinin dayanıqlı, aşağı karbonlu və iqlim dəyişmələrinə davamlı gələcəyin qurulması üçün vacib olduğunu vurğulayıb.

Daha çox xəbər