FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
[center]
[/center]
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin vəzifədən azad edilməsi ehtimalını nəzərdən keçirir.
Bu barədə "Financial Times" Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu həftəsonu Zelenski cəbhədəki vəziyyət barədə məlumat almaq üçün hərbi komandirlərlə görüşlər keçirəcək. O, həmçinin Ukrayna ordusunun baş komandanı vəzifəsinə potensial namizədlərlə danışıqlar aparacaq.
Mənbənin məlumatına görə, səlahiyyətlərin rahat təhvil verilməsini təmin etməyə və 1200 kilometrlik cəbhə xətti boyu dayanıqlı müdafiəni saxlamağa qadir olan namizəd tapsa, Zelenski Sırskini istefaya göndərməyə hazırdır.
Nəşr qeyd edib ki, müdafiə naziri Mixail Fyodorovun istefasının səbəb olduğu etirazlar Ukrayna Silahlı Qüvvələrinin baş komandanını tənqid edən daha geniş kampaniyaya çevrildikdən sonra Zelenski belə bir ssenarini nəzərdən keçirməyə başlayıb.
Bu həftə Zelenski jurnalistlərə bildirib ki, Fyodorov və Sırski artıq birbaşa əlaqə saxlamırlar və yalnız onun vasitəçiliyi ilə qarşılıqlı fəaliyyət göstərə bilirlər. Ukrayna liderinin sözlərinə görə, o, Fyodorov və Sırski arasında "birlik olmasını çox istəyirdi", lakin "buna nail ola bilmədi".
Qeyd edək ki, Zelenski öz sosial şəbəkə səhifələrində artıq Ukrayna Silahlı Qüvvələrinin ali hərbi rəhbərliyi - korpus komandirləri ilə görüş keçirdiyini bildirib. Məlumatın məzmunundan və yerləşdirilmiş fotolardan aydın olur ki, görüş Sırskinin iştirakı olmadan keçirilib.