Sosial mediada təhqir və böhtan: hüquqi məsuliyyət qaçılmazdır – Vəkil Esmira Rzayeva

Sosial şəbəkələr artıq təkcə ünsiyyət və məlumat paylaşımı platforması deyil, həm də ictimai rəyə təsir göstərən mühüm alətə çevrilib. Lakin bu imkanlardan sui-istifadə halları – xüsusilə şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan xarakterli paylaşımlar – hüquqi məsuliyyət yaradır.
Açıqlamasında vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan qanunvericiliyi şəxsin şərəf və ləyaqətinin müdafiəsini birbaşa təmin edir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var və heç bir hal şəxsin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Vəkil qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Əgər bu məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, eyni vasitədə də təkzib edilməlidir. Zərərçəkmiş şəxs həmçinin vurulmuş maddi və mənəvi zərərin ödənilməsini də tələb etmək hüququna malikdir.
Bundan əlavə, Kütləvi informasiya vasitələri haqqında Qanunun 10 və 44-cü maddələri KİV-də böhtan, təhqir və qərəzli yazıların dərcini qadağan edir və zərərçəkmiş şəxsə bir ay müddətində cavab vermək, təkzib, düzəliş və üzr tələb etmək hüququ verir.
Cinayət məsuliyyətinə gəldikdə isə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi isə təhqirə görə cəza nəzərdə tutur.
Böhtan – yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasıdır və bu əmələ görə cərimə, ictimai işlər, islah işləri və hətta azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma daha sərt cəzaya səbəb olur.
Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən, böhtan və təhqir cinayətləri üzrə təqib xüsusi ittiham qaydasında – yəni zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir.
Vəkil diqqətə çatdırıb ki, 29 noyabr 2016-cı il tarixli qanun dəyişikliyi ilə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olunub. Bu maddəyə əsasən, internet informasiya ehtiyatlarında saxta istifadəçi adları, profil və ya hesablar vasitəsilə böhtan və təhqir yayılması da cinayət məsuliyyəti yaradır.
Esmira Rzayeva vurğulayıb ki, sosial şəbəkələrdə anonimlik cəzasızlıq demək deyil:
"Bu gün milyonlarla insan sosial mediadan istifadə edir. Lakin hər paylaşım hüquqi nəticə doğura bilər. Şəxsin şərəf və ləyaqətinə xələl gətirən hərəkətlər qanun qarşısında cavabsız qalmır."
Xatırladırıq ki, sosial mediada fikir azadlığı sərhədsiz deyil və başqasının hüquqlarının pozulması hüquqi məsuliyyət yaradır.