Bakı Weather --°C
|

QƏLBİ ARZULARLA DOLUDU HƏLƏ

01.02.2026 12:30 | 45
Ömründən bir günü verməyib yelə,
O şöhrət gətirir obaya, elə.
Qəlbi arzularla doludu hələ,
Hələ görüləcək işləri çoxdu.
..Müəllim yaşadığı cəmiyyət üçün faydalı olmalıdır, öz peşəsini sevməli,ona hörmət etməli, həyatı boyu öyrənməyə və öyrətməyi çalışmalıdır. Müəllim danışığına, davranışına, hərəkətinə fikir verməli, hər kəsə, xüsusilə şagirdlərinə nümunə olmalıdır.
Qısa tanışlıq: Əliyev Sədrəddin Əhməd oğlu 1961- ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub.
1968-1978- illərdə İsmətli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi qurtarandan sonra Sovet Ordusu sıralarında xidmət edib. Ordu sıralarından təxris olunandan sonra,1983- cü ildə sənədlərini V.İ.lenin adına APİ - nin filologiya fakültəsinə verib, imtahanları müvəffəqiyyətlə verib tələbə adını qazanıb. 1984- cü ildən pedaqoji sahədə fəaliyyət göstərir.
1987- ci ildən İsmətli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən Sədrəddin müəllim həm də gözəl atadır. Üç övladı, bir oğlu, iki qızı var. mehriban, qayğıkeş babadır. 6 nəvəsi var. Məktəbdən evə nə qədər yorğun gəlsə də nəvələrinin əhatəsinə düşən kimi yorğunluğu canından çıxır. Nəvələrinin əhatəsində özünü dünyanın ən xoşbəxt adamı sayır.
Sədrəddin müəllimlə tələbəlik illə rindən çox yaxın dost olmuşuq. Cənub bölgəsindən köhnə Puşkin rayonunun Konstantinovka kəndindən idi. Atası Əhməd kişi rayon Məscidinin axundu idi. Rayonun sayılıb - seçilən kişilərindən biri kimi tanınırdı. Rayona təyin olunan katiblər və başqa məmurlar bəzi məsələlərdə Əhməd kişi ilə məsləhətləşərdi.
Biz qiyabi oxuduğumuz üçün 3- cü kursdan sonra məcburi olaraq pedaqoji sahədə işləməli idik. Yay semestr imtahanları başlayanda Sədrəddin müəllim bildirdi ki, imtahanlardan sonra avqust ayının əvvəllərində evlənmək istəyirəm. Bir dost, qardaş kimi səni də dəvət edirəm.
Mən bu dəvəti çox məmuniyyətlə qəbul etdim. Sonra fikirləşdim ki, axı Cənub bölgəsinə xüsusi buraxılış lazımdır. Ona bildirdim ki, məni Cənub bölgəsinə buraxmazlar.
Sədrəddin bildirdi ki, yaşayış yerindən arayış al, mən də rayondan buraxılış vərəqəsi alim.
Razılaşdıq. Mənim pasport qeydiyyatim Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbəsində olduğu üçün, imtahandan sonra ikimiz də Zirə qəsəbəsinə yollandıq. Qəsəbə sovetinin sədrinə dedim ki, mənə arayış lazımdır
- Nə üçün, hara təqdim edəcəksiniz?
- Biləsuvar rayonuna getmək üçün buraxılış vərəqəsi almağa görə lazımdır.
- Sədr bildirdi ki, o arayışı bizdən yox DİN- də almalısınız. Bu arayışı verməyə bizim səlahiyyətimiz çatmır.
Neçə deyərlər, kor peşman geri qayıtdıq. Beləliklə, mən tələbə dostumun toy məclisində iştirak edə bilmədim. Biz altı aydan sonra qış semestr imtahanları ərəfəsində görüşdük. On günlük imtahan sessiyasında yeni- yeni fənnlər, seminarlar, mühazirələr, imtahan və zaçotlar…
Yeni fənn kimi "Nizamişünasliqdan" professor Tağı Xalisbəyli dərs keçirdi. O, ilk gündən tələbələrin nəzərinə çatdırdı ki, inşallah, yay sessiyasında sizdən Nizami Gəncəvinin beş əsərindən zaçot verəcəksiniz. Çalışın, mənim qara dəftərimə adınız düşməsin. Qış semestr sessiyasını başa vurandan sonra hər kəs öz yaşadığı rayona qayıtdı.
Biz altı aydan sonra yay semestr imt ahanlarına və dövlət imtahanına gəldik. Artıq dərslər başlamışdı, bir həftə idi ki, Sədrəddin dərsə gəlmirdi. Hər gün Tağı müəllim jurnalı yoxlayır, Sədrəddinin adını çəkəndə qrup nümayəndəsi Adıgözəl sakit səslə deyirdi:
-Yenə gəlməyib.
- Mən ona zaçot yazsam, barmaqlarımı kəsərəm, - deyib mühazirəsini danışardı.
- Novbəti həftə, Sədrəddin müəllim dərsə gəldi. Tağı müəllim jurnalı yoxlayıb Sədrəddinə çatanda yenə soruşdu - Gəlməyib?
- Qrup nümayəndəsi Adıgözəl müəllim bildirdi ki, gəlibdir.
Sədrəddin müəllim ayaq üstdə durub dayandı.
- A bala bu neçə gündə haradasan?
- Xəstə idim müəllim.
Tağı müəllim Sədrəddinə heç nə demədi və üzünü auditoriyaya tutub bildirdi ki, növbəti həftə zaçot olacaq.
Bütün imtahanlar, zaçotlar yaddan çıxıb, hamı Tağı müəllimin zaçotuna hazırlaşmağa başladı. Vaxt gəlib yetişdi. Tağı müəllim seminarlarda onu qani edən cavabları verən tələbələrlə mexaniki zaçot yazıb dedi:
- Əliyev Sədrəddin, gəl, əyləş burada, mənim suallarıma cavab ver. O, Nizaminin əsərlərindən bir neçə sual verdi. Sədrəddin müəllim sualların cavabını danışdı, ancaq Tağı müəllim başını bulayıb bildirdi ki, cavabın məni qane etmədi, imtahan vərəqəsinə qeyri- məqbul yazıb "get, yaxşı hazırlaş", - dedi.
Artıq bizə məlum idi ki, Tağı müəllim ona zaçot yatmayacaq. Xalq artisti, Azərbaycan Dram Teatrının aktyoru Mikayıl Mirzə ilə mən dost idim. Mikayıl Mirzə, Xalq Şairi Xəlil Rza və Tağı Xalisbəyli də möhkəm dost idilər. Mən, Mikayıl Mirzənin evinə telefon açıb hadisəni ona bildirdim.
Mikayıl Mirrzə Sədrəddin müəllimin adını, soyadını öyrənib bildirdi ki, on - onbeş dəqiqədən sonra mənə zəng et, cavabını sizə deyim.
Mən zəng edib soruşdum ki, nə deyir, Tağı müəllimin yanına getsin, ya yox?
Mikayıl Mirzə bildirdi ki, sabah yox, biri gün göndəriş alıb gedər. Dedi ki, gəlsin, yazaram.
Sədrəddin müəllim dekanlıqdan göndəriş alıb Tağı müəllimi gözlədi. Tağı müəllim Sədrəddinni görüb soruşdu hazırlaşmısanmı?
-Bəli!
- Gəl, kafedraya.
Sədrəddinin əlində ki, göndərişi alıb, "otur görüm",- dedi.
- Yox, yaxşı hazırlaşmamısan! - Gondəriş vərəqinə qeyri- məqbul yazdı. - Get, yaxşı hazırlaş...
-Tagı müəllim, mən Mikayıl Mirzənin dediyi adamam.
- Deməli ona arxayın olub mənim dərslərimə gəlmirdin.
- Xeyir, Tağı müəllim xəstə olduğum üçün gələ bilmirdim.
Mən həmin günü Azərbaycan Dövlət Dram Teatrında Mikayıl Mirzə ilə görüşdüm. Ona bildirdim ki, Tağı müəllim yenə zaçot yazmadı. Mikayıl Mirzə təəccübləndi, ola bilməz, indi mən səhnəyə çıxıram. Axşam saat 11-dən sonra mənə zəng elə.
- Oldu,- deyib çıxdım. Dediyi vaxt Mikayıl Mirzəyə zəng etdim. O, Tağının bu hərəkətinə görə bərk əsəbiləşmişdi. Sabah saat 10- da məni institutunhəyətində gözləyərsən. Axı Xəlil Rzaya da, mənə də söz verdi ki, arxayın olun, zaçot yazacağam.
Səhər saat 10- da institutun giriş qapısında görüşdük, üçüncü mərtəbəyə qalxdıq. Mən kafedranı göstərib boş otaqların birində gözlədim. Bir neçə dəqiqədən sonra Mikayıl Mirzə hirsli - hirsli çıxıb getdi. Biz axşam çağı Dram Teatrının yaxınlığında yerləşən
"Fərhad" kafesində görüşüb çay içə - içə söhbət edirdik. Mikayıl Mirzə bildirdi ki, beş- on dəqiqəyə Xəlil Rza da gələcək. Oda xahiş etmişdi, deməli, bizi eşitmədi. Xəlil Rza bizlə görüşüb Mikayıl Mirzədən soruşdu. Qiymət yazdı oğlana?
- Yox, yazmadı Xəlil.
- Dogru deyirsən, yoxsa, zarafat edirsiniz!
- Xəlil vallah yazmayıb, şəhər tezdən də gedib söyüb çıxdım, gəldim. Bu gündən mən o adda adam tanımıram.
- Doğru deyirsən, onun çörəyi dizinin dibindədir. Deməli, bu günə qədər biz onu tanımamışıq. O, mənə sən öl vuraraq demişdi ki, yazacam.Ona zəng edib mən də sözümü deyəcəm.
Mikayıl Mirzə bildirdi ki, nə edək, bu da belə bir tip adamdır.
Həmin il Sədrəddin müəllim kursda qaldı. 1988- ci ildən sonra uzun müddət Sədrəddin müəllimlə əlaqəmiz olmadı. Təsadüf nəticəsində bir şagirdi ilə yol- yoldaşı oldum. Mən telefon nömrəmi yazıb göndərdim. Sağ olsun, aparıb çatdırıb. Sədrəddin müəllim mənə zəng edəndə tanımadım, bildirdi ki, Sədrəddindir.
Biz zəngləşib, vaxt- vədə təyin edib, görüşdük. Bizim bu görüşümüz ailəvi dostluğa - qardaşlığa çevrildi.
Sədrəddin müəllim hal-hazırda Biləsuvar rayonunun İsmətli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.
O,xoşbəxt insan, xoşbəxt müəllim, xoşbəxt ata, xoşbəxt babadır. O qeyrətli və məğrurinsanın həyatda tutduğu mövqe, xalqa, vətənə, torpağa, insanlara, ailəsinə olan tükənməz sevgisi önündə heyrətlənməyə bilmirsən. Ülvi arzularla yaşayan, dosta, dostluğa böyük önəm verən, xeyirxah və qayğıkeş bir insan kimi tanınan, heç kimin ürəyinə toxunmayan Sədrəddin müəllim ən böyük hörmətə, ən ali sevgilərə layiq olan bir şəxsiyyətdir.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB - nin və AJB - nin üzvü.

Daha çox xəbər